Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda internet yolu ilə tanış olub evlənənlərin sayı artır


"Azərbaycanda son dövrlər qeyri-ənənəvi vasitələrdən biri hesab edilən internet yolu ilə tanış olub evlənənlərin sayı ildən-ilə artır". Bu fikri "İCTnews" elektron xəbər xidmətinə Azərbaycan Sosioloqlar Birliyinin icraçı direktoru, "Aktual" elmi-sosioloji araşdırmalar mərkəzinin rəhbəri Əbülfəz Süleymanlı bildirib.

Sosioloq bunun bir neçə obyektiv səbəbi olduğunu deyir: "İlk növbədə bir faktı qeyd etmək lazımdır ki, əhali  sayının çox olduğu böyük şəhərlərdə yaşayan insanların iş saatının və qrafikinin sıxlığı kimi səbəblərdən axtardığı meyarlara cavab verən insanla qarşılaşmaq ehtimalı getdikcə daha da çətinləşir. Virtual məkanda isə maraqlara, zövqlərə və dünyagörüşünə  görə bir çox insanı bir araya gətirən saytların mövcudluğu bu imkanı artırır.

Daha sonra nəzərə almaq lazımdır ki, bu gün evlilik çağında olan gənclərin böyük əksəriyyəti hətta iş yerində belə vaxtının böyük bir hissəsini virtual məkanda keçirir, müxtəlif sosial şəbəkələrdə dostları ilə ünsiyyət yaradır, onlarla müxtəlif mövzularda söhbət edir.

Belə olan təqdirdə onların internet vasitəsilə gələcək həyat yoldaşları ilə də tanış olma ehtimalı yüksəlir və seçim imkanları genişlənir".
 
HƏQİQƏT






25/02/12    Çap et