Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” platformasının növbəti versiyası piroqun şərəfinə adlandırılacaq


"İCTnews" elektron xəbər xidməti xəbər verir ki, "Google" korporasiyasının "Android" mobil əməliyyat sisteminin növbəti versiyalarından biri "Key Lime Pie" kod adına malik olacaq.

Bu barədə etibarlı mənbəyə istinadən "The Verge" bloqu yazıb. "Android" platformasının istehsalçısı olan "Google" şirkəti hələ elan edilməmiş məhsullar haqqında yayılmış şayiələr ilə bağlı şərh verməyib. Məlumat üçün bildirim ki, "Google" şirkəti "Android" versiyalarını adlandırarkən əlifba prinsipinə riayət edir. Buna əsaslanaraq, güman etmək olar ki, "Key Lime Pie" kod adı "J" hərfi ilə başlayacaq əməliyyat sistemini əvəz edəcək.

Ehtimal ki, bu, "Jelly Bean" ("çeynənən konfet") olacaq. Həmçinin qeyd edim ki, 2012-ci ilin fevral ayının 27-si tarixində start götürmüş və artıq bitmiş "MWC" sərgisində "Google" stendində olan vazlarda məhz bu konfetlər var idi.

Hazırda "Android" platformasının sonuncu versiyası 4.0 və ya "Ice Cream Sandwich"-dir. "Gartner" analitiklərinin məlumatına görə, "Android" platforması dünyada ən populyar mobil əməliyyat sistemidir. Hər gün istifadəçilər bu platformada təxminən 850 min qurğu aktivləşdirirlər. Bu barədə 2012-ci ilin fevral ayında "Google" şirkətinin nümayəndələri bildiriblər.

EMİL




05/03/12    Çap et