Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«İçərişəhər» Qoruğu İdarəsinə elektron müraciət etmək imkanları yaradılıb


Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəsmi internet səhifəsində (www.icherisheher.gov.az) elektron formada ərizə blankları və müraciət formaları yerləşdirilərək onlayn müraciət imkanı yaradılıb.

Üstəlik, adıçəkilən saytın rus və ingilis dilində olan variantları da yaradılaraq işə salınıb. Bu barədə «İCTnews» elektron xəbər xidmətinə Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətinin əməkdaşı Arzu Tairquliyeva məlumat verib.

O bildirib ki, idarənin struktur bölməsi olan Mənzil-kommunal və təmir xidmətinin saytı da istifadəyə verilib. A. Tairquliyevanın sözlərinə görə, yaxın zamanda Mənzil-kommunal və təmir xidmətinin qeyd olunan saytında sakinlər üçün onlayn rejimdə  kommunal xərclərin ödənilməsi mümkün olacaq.

O əlavə edib ki, 360 dərəcəlik panoramalı "İçərişəhər" virtual turunun (həm gecə, həm də gündüz şəraitində görüntülü) çəkilişləri başa çatdırılıb və bu yaxınlarda idarənin internet portalına yüklənilib: «Bu görüntü Azərbaycan memarlığını təbliğ etmək və turist cəlb etmək baxımından olduqca əhəmiyyətlidir. Hər bir şəxs saytımıza daxil olub  gözəl görüntülərə baxa bilər».
 
SEYMUR





13/03/12    Çap et