Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın İKT sahəsində uğurları beynəlxalq sərgidə təqdim olunacaq


Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə etdiyi uğurlar 11-ci beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları "Caspian Telecoms 2012" sərgi-konfransında təqdim ediləcək "Iteca Caspian" şirkətindən verilən məlumata görə, konfrans aprelin 19-20-də İstanbulda keçiriləcək.

"Caspian Telecoms 2012" sərgi-konfransının təşkilatçıları ITE Turkey/EUF (Türkiyə), ITE Moscow LLC (Rusiya) və Iteca Caspian (Azərbaycan) kimi beynəlxalq şirkətlər çıxış edir.
Sərgi-konfransın işində Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Rusiya, Qazaxıstan, Özbəkistan, Moldova, Monqolustan, Qırğızıstan və başqa dövlətlər iştirak edir.

Azərbaycanı tədbirin işində ənənəvi olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və bəzi telekommunikasiya şirkətləri təmsil edir.

"Caspian Telecoms 2012"-nin işində dünyanın 35 ölkəsindən 400 nümayəndə heyətinin (avadanlıq istehsalçıları, rabitə operatorları, maliyyə strukturları, beynəlxaql təşkilatlar və s.) iştirak edəcəyi gözlənilir. "Caspian Telecoms 2012" çərçivəsində keçiriləcək müzakirələr və məruzələr rabitə siyasəti, perspektiv texnologiyalar, qabaqcıl texnologiyaların tətbiqi və s. kimi aktual məsələləri əhatə edəcək.

Konfrans 2001-ci ildən keçirilir və hər il telekommunikasiya bazarının dünya liderlərini bir araya gətirir. Caspian Telecoms Xəzər regionunda, MDB ölkələrində, Türkiyədə və Mərkəzi Asiyada telekommunikasiya və informasiya texnologiyaları üzrə aparıcı forum hesab edilir.





02/04/12    Çap et