Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” istifadəçilərinə «Eurovision 2012 Guide»


"Eurovision 2012" müsabiqəsi Azərbaycandan olan mobil proqramçıların da diqqət mərkəzindədir. Belə ki, bu yaxınlarda “Android” platforması istifadəçilərinə «Eurovision 2012 Guide» adlı tətbiq təqdim olunub. “İCTnews” elektron xəbər xidməti məlumat verir ki,  funksionallıq baxımından xeyli inkişaf etdirilən tətbiq "Baku GTUG" layihəsinin üzvü Rəcəb Davudov tərəfindən hazırlanıb.

R.Davudov bildirib ki, tətbiqin ideyası Bakıya "Eurovision 2012" müsabiqəsi zamanı təşrif buyuracaq turistlərə faydalı olacaq proqram hazırlamaq məqsədilə yaranıb: "Mən özüm xarici ölkələrə səfərlər edən zaman mütəmadi olaraq bu problemlə üzləşirdim. Belə ki, həmin ölkələrin gəzməli yerlərini, restoran, kafe və ya suvenir mağazalarını və s. tapmaqda çətinlik çəkirdim.

Bakımızın çox gözəl guşələri, gəzməli-görməli yerləri var. Düşünürəm ki, ölkəmizə gələcək xarici qonaqlara bu gözəllikləri görməkdə yardımçı olmaq lazımdır. Ümidvaram ki, bu mobil tətbiq düşüncələrimi reallaşdırmaqda yardımçı olacaq".

Tətbiqi xüsusiyyətləri arasında aşağıdakıları qeyd etmək olar:

1. Onlayn və oflayn xəritələrdən istifadə;
2. Məkan göstərilməsi (mehmanxana, restoran, muzeylər və s);
3. Məzənnə çeviricisi;
4. Ünsiyyət köməkçisi;
5. "Eurovision 2012" haqqında məlumat;
6. Turistik məlumat;
7. Çoxdilli interfeys (ingilis, rus və türk);
8. İstifadədə maksimum rahatlıq.

Məlumat üçün bildirək ki, tətbiq artıq “Android” istifadəçilərinin ixtiyarına verilib. “Google Play” mağazasında 1.99 dollar qiymətinə tətbiqi mobil telefonlarınıza yükləyə bilərsiniz.





17/04/12    Çap et