Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ali təhsil müəssisələrinin builki məzunlarının elektron bazası artıq hazırdır


Ali təhsil müəssisələrinin builki məzunlarının məlumatlarını əks etdirən elektron baza artıq hazırdır. Bazada yerləşən məlumatlar əsasında xüsusu proqram vasitəsilə məzunlara veriləcək diplomların nömrələri avtomatik müəyyənləşəcək.

Hazırda “Tələbə-məzun” bazası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasındadır. “İCTnews” elektron xəbər xidmətinə bu barədə Təhsil Nazirliyinin TİMS (təhsilin idarəolunmasının məlumat sistemi) şöbəsinin müdiri İsmayıl Sadıqov məlumat verib.

Onun sözlərinə görə, baza hazır olsa da, müvafiq elekton xidmətin hansı qurum tərəfindən aparılacağı hələlik müəyyənləşməyib: ”Diplomlar sənəd olaraq Təhsil Nazirliyi tərəfindən verilir. Ona görə də nazirlikdə bütün məzunların bazası formalaşıb.

Bu bazadan kimə hansı nömrəli diplom veriləcəyi müəyyən ediləcək. Ali təhsil müəssisələri üçün hələlik bir ay vaxt var. Bu müddətdə onlar bazadakı məlumatların dəqiqliyini bir daha araşdıracaqlar və nazirliyə bu məlumatların təsdiqini verəcəklər”.

Qeyd edək ki, TİMS təhsil sahəsində mövcud vəziyyəti operativ təhlil etmək, qiymətləndirmək və nəticədə əsaslandırılmış optimal qərarlar qəbul etmək üçün yaradılıb. Sistemin yaradılmasında başlıca məqsəd informasiya texnologiyaları əsasında təhsilin səmərəli idarəolunması sistemini formalaşdırmaqla yanaşı, bu sahənin inkişafı üçün dövlət proqramlarının hazırlanması, reallaşdırılması və monitorinqi proseslərini idarə etmək, onun qısamüddətli və uzunmüddətli perspektiv inkişafını proqnozlaşdırmaqdır. Bu da texnologiyaların köməyi ilə son nəticədə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
 
HƏQİQƏT





04/05/12    Çap et