Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda “Facebook” istifadəçilərinin 35 faizi qadınlardır


Dünya ölkələri sırasında “Facebook”dan istifadə üzrə 785.900 istifadəçi sayı ilə Azərbaycan 86-cı yeri tutur. İstifadəçilərin 65 faizi kişi, 35 faizi isə qadınlardan ibarətdir. “Facebook” istifadəçilərinin yaş bölgüsünə baxdıqda, dünyada olduğu kimi, Azərbaycanda da 18-24 və 25-34 yaş qrupuna aid şəxslər sosial şəbəkədən daha çox  istifadə edirlər.

18-24 yaş qrupuna daxil olanlar şəbəkə istifadəçilərinin 48 faizini, 25-34 yaş qrupuna aid olanlar isə 23 faizini təşkil edir. “İCTnews” elektron xəbər xidmətinə bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Məxfi şöbənin müdiri Təranə Səfərova məlumat verib.

Şöbə müdiri bildirib ki, dünyada 2 milyarddan artıq internet istifadəçisinin yarıdan çoxunu qadınlar təşkil edir: “Statistik məlumatlara görə, dünyada ofis işçiləri iş vaxtının 20 faizini sosial şəbəkələrdə  keçirir.

Dünyada ən çox istifadə olunan sosial şəbəkələrdən istifadəyə görə qadınlar üstünlük təşkil edir. Hazırda 800 milyon “Facebook” istifadəçisindən 51,2 faizini qadınlar, 48,8 faizini isə kişilər təşkil edir.

Dünyada “YouTube” istifadəçilərinin 52 faizini, “Google” axtarış sistemindən istifadə edənlərin 28 faizini, “Wikipedia”dan istifadə edənlərin isə 13 faizini qadınlar təşkil edir”. T.Səfərovanın sözlərinə görə, kompyuter proqramlarının yazılmasında da qadınlar ilk yerləri tuturlar: ”Çoxları bilir ki, dünyada birinci proqramçı qadın olub. O, Avqusta Ada Bayron-Lavleys idi.

Məşhur ingilis şairi Bayronun qızı olan Ada Bayron-Kinq 1842-ci ildə “Bebbic” maşınının işləmə prinsipini təsvir edib və onun üçün birinci proqramını yaradıb. Məhz o, tarixdə birinci olaraq kompyuter proqramı yazıb və proqramlaşdırma üçün əsas anlayışları tətbiq edib. Bundan başqa, o, hesablama maşınlarından praktiki olaraq istifadənin mümkün istiqamətlərini - musiqi əsərlərinin yaradılması, mürəkkəb qrafik obyektlərin qurulması, hətta kompyuter oyunlarını göstərib.

1979-1980-ci illərdə ABŞ-ın Müdafiə Nazirliyinin sifarişi ilə yaradılmış  proqramlaşdırma dili Adanın adını daşıyır. Dilin yaradılmasında əsas məqsəd hərbi obyektlərin - gəmilərin, təyyarələrin, raketlərin, tankların və s. idarə edilməsi üçün xüsusi sistemin yaradılması idi. Nəticədə universal dil olan Ada dili meydana gəlib”. Şöbə müdiri qeyd edib ki, hər il qadınların İKT-də rolu artmaqla bərabər, onlara olunan təltiflərin də sayı artır.

Belə ki, 2006-cı ildə “Tyuring” mükafatı tarixdə birinci olaraq 75 yaşlı qadına - Frensis Allenə - məşhur kompyuter korporasiyası olan “İBM”-in keçmiş əməkdaşına verilib: “Tyuring” mükafatı yüksək texnologiyalar sahəsində nailiyyətlərə görə verilir və “Nobel” mükafatının analoqu sayılır. Hesablama Texnikası Assosiasiyası tərəfindən təsis edilmiş bu mükafatın qonorarı 250 000 ABŞ dollarıdır. 2008-ci ildə də bu mükafatın sahibi qadın - Barbara Liskova olub”.
 
HƏQİQƏT





19/05/12    Çap et