Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ARDNŞ-də kurslar müasir “3D” formatında proqramlaşdırılmış simulyatorların köməyi ilə tədris olunacaq


Bu günlərdə ARDNŞ-in Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində “EON Reality” şirkətinin idarəedici müdiri Dan Lejerskan ilə görüş keçirilib.

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə ARDNŞ-in məlumatında deyilir. Məlumatda bildirilir ki, görüşdə idarənin rəisi Fuad Süleymanov ölkəmizdə gənclərin müasir biliklərə yiyələnməsi, yaradıcı fəaliyyətə həvəsləndirilməsi, onların istedad və bacarıqlarının hərtərəfli inkişaf etdirilməsi üçün əlverişli imkanlar yaradıldığını qeyd edib. 

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının inkişafında əhəmiyyətli rolu olan ARDNŞ-də yeni texnologiyaların sənayedə tətbiq olunması ilə əlaqədar müasir biliklərə və vərdişlərə yiyələnmiş gənc kadrların hazırlanmasına ciddi önəm verilir.

Gələcəkdə Təlim mərkəzlərində keçirilən kursların müasir “3D” formatında proqramlaşdırılmış simulyatorların köməyi ilə tədris olunması fikri qonağın diqqətinə çatdırılıb. Səmimi qəbul üçün təşəkkür edən Dan Lejerskan mərkəzi qərargahı Amerikada yerləşən “EON Reality” şirkətinin dünyanın bir sıra aparıcı ölkələrinin enerji yönümlü təşkilatları ilə əməkdaşlıq qurduğunu bildirib. Qeyd olunub ki, şirkət “3D” formatında virtual tədrisin təşkili, “3D” formatında təhsil alan tələbələrin sertifikatlaşdırılması və müasir simulyatorlarda “3D” formatının tətbiqini həyata keçirir.

TTSİ-nin rəisi Fuad Süleymanov rəhbərlik etdiyi idarənin bu sahədə “EON Reality” şirkəti ilə tərəfdaşlığa hazır olduğunu bildirib. Sonra ARDNŞ və “EON Reality” şirkətinin nümayəndələrinin iştirakı ilə yeni qurulacaq simulyasiya otaqları ilə bağlı prezentasiya təşkil olunub.

CAHANGİR





02/06/12    Çap et