Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq


Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC) arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən Birləşmiş Millətlər Təşkilatının bu iki ixtisaslaşdırılmış müəssisəsi dövlətlərə kibercinayətkarlıqla mübarizə üçün birgə yardım göstərəcəklər.
İlk dəfədir ki, BMT sisteminə daxil olan iki təşkilat qlobal səviyyədə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq haqqında rəsmi qərar qəbul edir.
“UNODC ilə birgə yaradılmış yeni alyans getdikcə daha ciddiləşən qlobal problemlərdən birinin həlli istiqamətində əlaqələndirilmiş qlobal yanaşmanın həyata keçirilməsinin mühüm mərhələsidir. Birgə fəaliyyət göstərərkən bizim təşkilatlar əhəmiyyətli gücə malik ittifaq əldə edə biləcəklər ki, bu cür birlik ölkələrə kibertəhlükə və kibercinayətkarlıq kimi fəlakətlərlə mübarizə aparmağa kömək edəcək və hamı üçün daha təhlükəsiz onlayn məkan yaratmaq imkanı verəcək”, - deyə BTİ-nin baş katibi Hamadun Ture bildirib.
BMT-nin Xəbərlər Mərkəzinin məlumatına görə, təşkilat inkişaf edən, həmçinin inkişaf etmiş ölkələrə onların hökumətlərinin proqram təminatı, kiberhücum və məlumat oğurluğu ilə bağlı getdikcə daha da artan təhlükələrə qarşı əks tədbirlərə hazırlıq məsələlərində kömək etmək niyyətindədir.






24/05/11    Çap et