Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avqustun 1-dən orta ixtisas təhsili müəssisələrinə internet vasitəsilə ərizə qəbulu başlanır


Avqustun 1-dən orta ixtisas təhsili müəssisələrinə internet vasitəsilə ərizə qəbulu başlanır. Orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər avqustun 24-dək internet vasitəsilə elektron ərizələrini doldurur, tələb olunan sənədləri təhsil aldıqları tədris müəssisəsinin yerləşdiyi rayonda fəaliyyət göstərən sənəd qəbulu komissiyalarına (SQK) təqdim edərək ərizələrini təsdiq etdirirlər.

SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib. Komissiyadan bildirilib ki, abituriyentlərin ərizələrinin qəbulu internet vasitəsilə müvafiq qaydada aparılır.

Belə ki, abituriyentlər TQDK-nın İnternet saytının müvafiq səhifəsində (www.tqdk.gov.az/erizeumumiorta2012) soyadı­nı, adını, atasının adını, şəxsiyyət vəsiqəsinin seriyasını və nömrəsini daxil etməklə qeydiyyatdan keçir, iş nömrəsi və şifr əldə edirlər. Sonra iş nömrəsi və şifrdən istifadə etməklə “Abituriyentin elektron ərizəsi” formasına daxil olur və onu dol­dururlar. Bundan sonra abituriyentlər tələb olunan sənədləri müvafiq SQK-lara təqdim etməklə ərizələrini təsdiq etdirirlər.
 
HƏQİQƏT





27/07/12    Çap et