Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gənc alimlərin II Respublika İdeya Yarmarkası keçirilib


Bu günlərdə Bakı şəhəri Novxanı qəsəbəsi Olimpik idman və istirahət kompleksində "Gənc Alimlərin II Respublika İnnovativ İdeya Yarmarkası" çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası, AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzi və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti tərəfindən "Yeni çağırışlar: müasir şəraitdə elmi innovativ tədqiqat işlərinin təcrübi və tətbiqi əsasları" adlı elmi konfrans keçirilib.

Elmin müxtəlif sahələrinə aid gənc alim və mütəxəssislərin iştirak etdiyi bu konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Gənc alim və mütəxəssislərin 1-ci müsabiqəsi üzrə qalib olmuş qrant layihəsi çərçivəsində və AR Gənclər və İdman Nazirliyinin maliyyə-təşkilati dəstəyilə baş tutub.
 
Tədbirin açılış mərasimində və mövzular üzrə seksiyalarında AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) əməkdaşları da iştirak ediblər.
 
İnstitutun doktorantı Rəhilə Həsənova "Akademik verilənlər bazaları və milli istinad indeksi" haqqında məruzə ilə çıxış edib, axtarış sistemi funksiyası, axtarış və qiymətləndirmə funksiyası, axtarış imkanları və s. haqqında ətraflı məlumat verib.
 
"Yerli əhəmiyyətli problemlərin həllində vətəndaşların elektron iştirakını təmin edən texnologiyalar" haqqında danışan İTİ-nin elmi işçisi Aygün Əhmədova vətəndaşların dövlət strukturlarının informasiya mənbələrinə maneəsiz girişinin təşkili, qərar qəbuletmə prosesində aktiv və birbaşa iştirakının elektron dövlət quruculuğunun zəruri komponentlərindən biri olduğunu vurğulayıb.
 
İnstitutun elmi işçisi Roza Şahverdiyeva "İKT yönümlü innovasiya layihələrinin seçilməsi kriteriyalarının işlənilməsi məsələləri" adlı məruzə ilə çıxış edərək müasir dövrdə dünya iqtisadiyyatının innovasiyalar, biliklər və yeni texnologiyalar əsasında formalaşdığını və inkişaf etdiyini bildirib.
 
Tədbirdə həmçinin institutun digər elmi işçiləri Rasim Mahmudov, Amal Həsənli, Ləman Manafova və s. elmi məruzələrlə çıxış edib, İKT sahəsində innovativ bilik və təcrübələrini konfrans iştirakçılarıyla bölüşüblər.
 
Qeyd edək ki, elmin bütün sahələrini əhatə edən konfrans materialları toplanaraq kitab şəklində çap olunub. 





01/08/12    Çap et