Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanlı alim nanotexnologiya sahəsində uğurlu kəşfə imza atıb


Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının (AMYA) prezidenti Nizami Süleymanov uzun illər apardığı elmi və texnoloji araşdırmalar nəticəsində müxtəlif düzülüşlü rəqəmlərin, hərflərin və ümumilikdə rəsmlərin vasitəsilə biofiziki sahənin müsbət enerjisinin fəzanın bir hissəsindən digər hissəsinə bu vaxtadək elmə məlum olmayan yeni üsulla ötürülməsi imkanlarını kəşf edib.

N.Süleymanov  bildirib ki, uzun illərdir avtomobillərdə və daxili yanma mühərriki ilə çalışan bütün texniki vasitələrdə yanacağın yanma keyfiyyətinin yaxşılaşması üçün nanotexnologiya əsasında hazırlanmış biozərrəciklərin müsbət enerjisinin həmin avtomobillərin dövlət nömrə nişanlarına ötürülməsi nəticəsində müsbət hallar baş verib.

Elmi tədqiqat işlərinin aparılmasında Azərbaycan Texniki Universitetinin alimləri – kafedra müdirləri, professorlar Arif Məmmədov, Sübhan Namazov və dosent Sülhəddin Gözəlov müxtəlif mərhələlərdə yaxından iştirak edib. Sınaq işləri isə “Fidan” MMC avtomobil müəssisəsində aparılıb.

Onların iştirakı ilə 100-dən çox avtomobil sınaqdan keçirilib və yüksək nəticələr əldə edilib. Müəssisənin rəhbəri Həmid Mərdəliyev respublikada avtomobil sahəsində yüksəksəviyyəli mütəxəssis kimi tanınır və hər elmi yeniliyi uğurla tətbiq etməyi bacarır. O, Avropa dövlətlərinin bir çoxunun ən tanınmış təşkilatlarından gördüyü dəyərli işlərə və nümunəvi fəaliyyətinə görə medallar və təltiflər alıb.

“Fidan” MMC-nin faydalı təcrübəsindən yararlanaraq yeni texnologiyanın tətbiqinə bu müddət ərzində ölkə daxilində və xaricdə yeni avtomobil müəssisələri də qoşulmuş, alimlərin və avtomobil sahəsində çalışan mütəxəssislərin də yüksək elmi rəyləri rəsmi şəkildə təsdiqlənib.

Ümumilikdə bu müddət ərzində ölkə daxilində və xaricdə 3000-dən artıq avtomobildə aparılan işlərin ümumi nəticələrini əsas götürərək proqramçı Mirzə Hüseynovla birlikdə kompyuter proqramı hazırlanıb. Bu proqram bütün Azərbaycanda mövcud olan bir milyondan artıq avtomobilin dövlət nömrə nişanına müsbət enerjini ötürməyi təmin edir.

Beləliklə, iyun ayının ortalarından başlayaraq Azərbaycanda ümumilikdə nə qədər avtomobil və dövlət nömrə nişanı olan texniki vasitə (traktor, buldozer, motosiklet və s.) varsa, nanotexnologiya əsasında hazırlanmış biozərrəciklərin yaratdığı biofiziki sahənin müsbət enerjisi həmin avtomobillərə və texniki vasitələrə ötürülür.

Bakıda fəaliyyət göstərən özəl və xidməti avtomobil sürücülərindən aldığımız məlumatlara görə, ciddi texniki nasazlığı olmayan bütün avtomobillərdə yanacağa ən azı 10-20 faiz arasında qənaət edilir, ətraf mühitə atılan tüstünün və zərərli qazların miqdarı ya tamamən yox olur, yaxud da kəskin azalır. Məqsəd respublikamızın iri sənaye şəhərlərində ekoloji durumu kökündən dəyişməkdir.

Bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyinə müraciət edilib. Milli Monitorinq Departamentinin Bakı şəhərində yerləşən stansiyalarındakı cihazlar vasitəsilə sutka ərzində 3 dəfə ölçü aparılır. İsti yay aylarında adətən zərərli qazlarla hisin miqdarının arta biləcəyi halda artım müşahidə olunmayıb, əksinə, bunların, xüsusən də dəm qazının yuxarı həddi bu günədək 2 dəfə aşağı düşüb.

Bu ilin aprel ayında dəm qazının miqdarı hər kubmetr üçün milliqram ölçü vahidi olaraq 2 idisə, may ayında bu rəqəm havaların istiləşməsi ilə əlaqədar 4-ə qalxıb. İyunun ortalarından isə yeni texnologiyanın ümumrespublika miqyasında tətbiqi nəticəsində bu göstərici ay üzrə orta hesabla 3-ə düşmüş, iyulda isə daha da azalaraq 2 təşkil edib.

Bu gün bir çox alim və mütəxəssislər  Bakı şəhərində müşahidələr aparırlar. Bu müşahidələr göstərir ki, əgər 2-3 ay əvvəl dizellə çalışan hər 3-5 avtomobildən ən azı birində tüstüləmə müşahidə olunurdusa, indi bu, müstəsna hallarda - 50-100 avtomobildən birində özünü göstərir. Nəticədə avtomobillərdən intensiv olaraq atmosferə atılan və insanlara boğucu təsir göstərən dəm qazının və hisin miqdarı kəskin şəkildə azalıb, ən sıx tıxaclarda belə əvvəllər kəskin hiss edilən boğucu hava, demək olar ki, yox olmuşdur, yaxud kəskin azalıb.

Alim daha sonra bildirib ki, belə tüstüləyən və ətrafa yüksək miqdarda dəm qazı və his buraxan avtomobillərin sayının azalması nəticəsində Bakının üzərində asılı vəziyyətdə qalan və hamının əvvəllər müşahidə etdiyi isti his kütləsi, demək olar ki, yox olub. Bakı şəhərinin havası tədricən təmizlik baxımından ərazisində çox azsaylı avtomobillər olan qəsəbələrin havasına yaxınlaşmaqdadır. Bu istiqamətdə tədqiqatlar davam etməkdədir.

RƏVAN





02/08/12    Çap et