Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2012-ci ilin iyununda yarımkeçiricilərin satış həcmi azalıb


Yarımkeçiricilər Sənayesi Assosiasiyasının (Semiconductor Industry Association, SIA) dərc etdiyi növbəti hesabata əsasən, 2012-ci ilin iyununda yarımkeçiricilərin satış həcmi may ayı ilə müqayisədə 0,1 faiz azalıb. 2011-ci ilin iyun ayı ilə müqayisədə isə  2 faiz azalma qeydə alınıb.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, iyunda yarımkeçirici satışlarından əldə olunan mədaxil 24.38 milyard dollar təşkil edib. Müqayisə üçün bildirək ki, 1 il əvvəl bu göstərici 24.89 milyard dollar səviyyəsində idi.

Regionlar üzrə yarımkeçiricilər sənayesində vəziyyət aşağıdakı kimidir: Yaponiyada mayla müqayisədə iyunda satışların həcmi 2 faiz artıb. Asiya-Sakit okean regionunda artım müvafiq olaraq +0,6 və +1 faiz təşkil edib. Bu halda Avropa və Amerikada göstəricilər, əksinə, aşağı düşüb.

“SIA”-nın prezidenti Brayan Tuxi qeyd edib ki, iyunda qeydə alınmış azalmaya baxmayaraq, yarımkeçirici sənayesi iqtisadi çətinliklərin öhdəsindən digər sektorlarla müqayisədə daha yaxşı gəlir.

 
EMİL





06/08/12    Çap et