Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın onlayn naviqatorundan ayda 100 min nəfər istifadə edir


Azərbaycanın “Gomap.az” elektron xəritəsini ötən ay 100 mindən artıq istifadəçi ziyarət etmişdir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılmış “Gomap.az” onlayn naviqator hazırda Azərbaycan dilində olan yeganə elektron xəritədir və onun istifadəçilərinin 83 faizi məhz Azərbaycan dilində olan versiyadan istifadə edir.

Qeyd etmək lazımdır ki, “Gomap.az” elektron xəritəsinin həmçinin ingilis və rus versiyaları da mövcuddur. “Gomap.az” layihəsinin ofisindən bildiriblər ki, azərbaycandilli məzmunun olması saytı öz xüsusiyyətlərinə görə unikal edir, belə ki, indi gündə 2500 istifadəçi, birbaşa “Gomap.az” onlayn naviqatorunda Azərbaycan dilində axtarış edir: “Bizdə olan məlumata görə, xarici təşkilatlar tərəfindən yaradılmış Azərbaycanın elektron xəritələrində bir sıra hallarda toponimlər və coğrafi adlar səhv qeyd olunmuşdur.

“Gomap.az” saytında belə problemlər yoxdur, çünki layihə yerli mütəxəssislər tərəfindən yaradılmışdır. Layihənin Azərbaycan dilində məzmununun olması Azərbaycan vətəndaşlarının xarici dilləri bilməyən hissəsi üçün elektron xəritədən istifadəni daha rahat edir”.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə İKT İnformasiya Mərkəzindən məlumat verilib. Mərkəzdən bildirilib ki, “Gomap.az”-da istifadəçilərin axtarışları mövsümə və fəaliyyət aktivliyinə görə daimi olaraq dəyişir.

Belə ki, may-iyun aylarında axtarışlar ən çox istirahət zonalarını və ictimai-iaşə obyektlərini əhatə edirdi. İstifadəçilər respublika ərazisində öz istirahətlərini planlaşdırmaq üçün regionlar üzrə axtarışlar edir, avtomobillə marşrut planını “Gomap.az” vasitəsilə hazırlayırdılar. İyul ayından başlayaraq orta təhsil müəssisələri elektron xəritədə həyata keçirilən axtarışlarda liderlik edir.

Bu, universitetlərə və kolleclərə qəbul imtahanlarının və yeni dərs ilinin yaxınlaşması ilə əlaqədardır. Qeyd etmək lazımdır ki, statistikaya görə “Gomap.az”-a istifadəçilərin 89 faizi müvəqqəti işğal altında olan Xankəndi şəhəri də daxil olmaqla, Azərbaycandan daxil olur. İstifadəçilərin 11 faizi isə Rusiya, Türkiyə, ABŞ, İngiltərə, Gürcüstan, Almaniya, Çin və s. xarici ölkələrdəndir.

“Gomap.az”-da Gürcüstanın elektron xəritəsinin yerləşdirilməsi bu ölkədən olan istifadəçilərin sayını dəfələrlə artırmışdır: “İKT İnformasiya Mərkəzi “Gomap.az” elektron xəritəsini Azərbaycanın internet məkanının ən texnoloji layihələrindən biri hesab etməklə yanaşı, onu azərbaycandilli internetin inkişafında yeni nəsil internet resurslarının “lokomotiv”i kimi müəyyən edir”.

HƏQİQƏT




23/08/12    Çap et