Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Kibernetika və informatika problemləri” IV Beynəlxalq konfransın 3-cü seksiyasının iclasları Kibernetika İnstitutunda keçiriləcək


Xəbər verdiyimiz kimi, 12-14 sentyabr 2012-ci il tarixində Bakı şəhərində “Kibernetika və informatika problemləri” (PCI’2012-IV International Conference “Problems of Cybernetics and Informatics”) IV Beynəlxalq konfransı keçiriləcək. Konfransın 3-cü seksiyasının iclaslarının AMEA-nın Kibernetika İnstitutunda keçirilməsi nəzərdə tutulub.

“ICTnews” elektron xəbər xidmətinə Kibernetika İnstitutundan bildirilib ki, konfransa bir sıra xarici qonaqlar dəvət olunublar. Belə ki, qonaqlar sırasında Rusiya, Kanada, Panama, Yunanıstan, İtaliya, İspaniya, Türkiyə, Ukrayna, Türkmənistan, Özbəkistan kimi ölkələrin nümayəndələri təmsil olunacaqlar. Konfransda sözügedən ölkələrin aparıcı alimlərinin məruzələrlə çıxışı nəzərdə tutulur.

Qeyd edək ki, konfransın təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, “Abdus Salam” Nəzəri Fizika Beynəlxalq Mərkəzi, AMEA Kibernetika İnstitutu, AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Milli Aviasiya Akademiyası, Azərbaycan Texniki Universiteti, Qafqaz Universiteti, BDU Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutudur.
 
HƏQİQƏT





06/09/12    Çap et