Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti “iPod touch” və “iPod nano” pleyerlərini yeniləyib


“Apple” şirkəti sentyabrın 12-də San-Fransiskoda keçirilən təqdimatda “iPod nano” və “iPod touch” pleyerlərinin yeni nəsillərini təqdim edib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “iPod nano”-nun qalınlığı 5,4 millimetr (mm) təşkil edir. Ekranın (sensor idarəetməni dəstəkləyir) diaqonalı 2,5 düymdür. Aparat yeddi rəngdə tədarük olunacaq.

“iPod nano” pleyerinə addımölçən və FM qəbuledici quraşdırılıb. Pleyer “Bluetooth” əlaqə vasitəsilə digər qurğularla məlumat mübadiləsi edə bilər.

Beşinci nəsil “iPod touch” pleyerləri qalınlığı 6,1 mm, çəkisi isə 88 qramdır. Pleyer 4 düymlü “Retina” displeylə, “A5” prosessoru və ikinüvəli qrafik sistem ilə təchiz olunub. Aparatlar 40 saat müddətində ardıcıl olaraq musiqi oxuda bilər.

Beşinci nəsil “iPod touch” pleyeri mavi, sarı və qırmızı rəngli korpuslarda tədarük olunacaq.
“iPod touch” pleyerinə quraşdırılmış “iSight” kamerasının kəskinliyi 5 meqapikseldir. Ön kamera vasitəsilə 720p təsvir ölçüsündə video çəkmək mümkündür.

Qurğu “AirPlay” texnologiyasını dəstəkləyir. Aparat ya 32, ya da  64 qiqabayt daxili yaddaşa malik olacaq. Bundan əlavə, “iPod touch” pleyerində “Siri” səs köməkçisi olacaq.
Pleyerlər “EarPods” adlı qulaqcıqla tədarük olunacaq.

Pleyerlər oktyabrda satışa çıxarılacaq. “iPod nano”-nun qiyməti 149 dollar, “iPod touch” pleyerinin qiyməti isə 299-399 ABŞ dolları təşkil edəcək.
 
EMİL





13/09/12    Çap et