Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Unibank”ın kredit ödənişlərini poçt şöbələrində ödəmək mümkün olacaq


“Unibank” müştəriləri kredit ödənişlərini ölkənin istənilən bölgəsindən poçt vasitəsi ilə apara biləcəklər. Bankın “Azərpoçt” dövlət müəssisəsi ilə bu günlərdə imzaladığı əməkdaşlıq sazişi artıq buna imkan verir.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə “Unibank”ın məlumatında deyilir.
Tətbiq olunan bu yenilikdən hələlik yalnız Biləsuvar, İmişli, Salyan və Bərdə rayonlarının sakinləri yararlana biləcək. Yaxın gələcəkdə isə “Unibank” müştəriləri istehlak kreditləri üzrə ödənişlərini Azərbaycanın 74 rayonunda fəaliyyət göstərən 1530 poçt şöbəsi vasitəsi ilə həyata keçirəcəklər.

Bu zaman ödəyicilər kredit müqavilələrinin nömrəsini, öz ünvanı və əlaqə nömrələri barədə məlumatı poçt şöbələrinə təqdim etməlidirlər. Müştəri tərəfindən ödənilən məbləğin 1%-i komissiya haqqı kimi «Azərpoçt» tərəfindən alınır. Bunun müqabilində hər bir müştəriyə ödənişini təsdiq edən müvafiq qəbz təqdim olunacaq. Poçt vasitəsi ilə ödənişlər Azərbaycan manatı ilə aparılır, xarici valyutada ödənilən məbləğdən isə 0,5% həcmində konvertasiya komissiyası tutulur.

Qeyd edək ki, ödənişlərin poçt şöbələri tərəfindən qəbul edilməsi müştərilərin rahatlığı ilə bərabər, banka filialları olmayan bölgələrdə kredit fəallığını artırmağa imkan verir. Bununla da Azərbaycanda fərdi bankçılıq sahəsinin liderlərindən biri olan «Unibank», əhatə etdiyi bölgələrin və oradakı müştərilərin sayını kəskin artırmağı hədəfləyib.

“Unibank”da istehlak kreditlərinin şərtləri və “Azərpoçt” vasitəsi ilə ödənişlərin qəbulu barədə daha ətraflı məlumatı (012) 117 telefon vasitəsi ilə əldə etmək olar.

CAHANGİR





26/09/12    Çap et