Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Mercedes-Benz” dünyada ən bahalı elektrik avtomobili təqdim edib


Parisdə keçirilən avtomobil sərgisində Almaniyanın “Mercedes-Benz” şirkəti “SLS AMG Coupe Electric Drive” super-maşınının elektrik versiyasını təqdim edib. Elektrik avtomobilin qiyməti 540000 dollar təşkil edir. O, hazırda ən bahalı elektrik avtomobilidir.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Mercedes-Benz” şirkətindən verilən məlumata əsasən, “SLS AMG” hazırda mövcud olan bütün elektrik avtomobilləri arasında ən güclüsüdür. Qeyd edək ki, avtomobil bu seriyaya məxsus klassik-idman xarici görünüşünü və ənənəvi yuxarıya açılan qapılarını saxlayıb. “SLS AMG Coupe Electric Drive” xarici görünüşcə 2009-cu ildə istifadəyə verilmiş və benzinlə işləyən “SLS AMG Coupe” avtomobilindən, demək olar ki, fərqlənmir.

“SLS AMG Coupe Electric Drive” elektrik avtomobilinin mühərriki 740 at gücünə malikdir. Bu göstərici 2009-cu ildə istifadəyə verilmiş “SLS AMG Coupe” avtomobilindən 177 at gücü çoxdur.

İstehsalçının verdiyi məlumata əsasən, elektrik maşını saatda 100  kilometrədək sürəti 3,9 saniyəyə yığacaq, lakin elektrik maşınının maksimal sürəti saatda 250 kilometrədək məhdudlaşdırılıb. Müqayisə üçün qeyd edək ki, elektrik maşınının benzinlə işləyən  analoqu saatda 100 kilometrədək sürəti 0,1 saniyə daha sürətli yığır və onun sürət limiti 320 kilometr/saat təşkil edir.
 
Avtomobildə 60 kilovatt/saatlıq akkumulyator mövcuddur. O, “Mercedes” və Britaniyanın “High Performance Engines” şirkətlərində çalışan mühəndislərin birgə səyi nəticəsində yaradılıb. 540 kiloqram çəkisində olan batareya maye üsulu ilə  soyudulur. Nəhəng akkumulyatorun enerji ilə tam yüklənməsinə 20 saat tələb olunur, lakin enerji ilə sürətli yüklənmə rejimində batareyanı 3 saat ərzində də doldurmaq olar. Bundan əlavə, batareya hərəkət zamanı da elektrik enerjisi ilə dola bilər, çünki “AMG SLS” elektrik avtomobilində elektrik enerjisinin rekuperasiya (texnoloji proseslərdə sərf edilmiş maddələrin yenidən bərpa edilməsi) sistemi mövcuddur. Bundan başqa, sürücü ötürülən enerjinin səviyyəsini dəyişdirə bilər. O, sükan təkərinin altında yerləşən xüsusi tumblerin mövqeyi ilə müəyyən olunur.

“AMG” akkumulyatorun nəhəng çəkisini kompensasiya etmək üçün “SLS Electric Drive” üçün yüngülçəkili konstruksiya təklif edib: alüminium və karbon lifindən əldə olunmuş yüngül ərintilərdən istifadə edilib.

EMİL





29/09/12    Çap et