Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Thomson Reuters” agentliyinin icraçı vitse-prezidenti: “Azərbaycanın 2020-ci ilə qədər proqnozlaşdırdığı planlarına çata bilməsi üçün dəstək vermək istəyirik”


"Thomson Reuters" agentliyinin icraçı vitse-prezidenti: "Azərbaycanın 2020-ci ilə qədər proqnozlaşdırdığı planlarına çata bilməsi üçün dəstək vermək istəyirik"
 
Oktyabrın 4-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Müəllif Hüquqları Agentliyi və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə "Park inn" otelində "Azərbaycanda elm və texnologiyalar sahəsində "Thomson Reuters" agentliyi ilə əməkdaşlığın perspektivləri" mövzusunda elmi konfrans keçirilib.

Konfransda "Thomson Reuters" agentliyinin icraçı vitse-prezidenti Keyt Makqreqor qeyd edib ki, Elmi İnformasiya İnstitutu kimi fəaliyyətə başlayan "Thomson Reuters" 1964-cü ildə beşcildlik ilk Elmi İstinadlar İndeksini çap etdirməklə 50 ildən artıq bir müddətdə elmi cəmiyyətə öz töhfəsini verib.

İlkin nəşrə sonradan sosial, incəsənət və humanitar sahələrdə digər vacib indekslər əlavə edilib və artıq 1996-cı ildə çoxfunksiyalı "Veb Elmlər" yaradılıb: "Bu gün "Veb Elmlər" dünyanın ən yüksək nüfuzlu jurnallarında çap edilən və 100 ildən artıq məlumat toplularının əks olunduğu məlumat bazasından ibarət olan "Veb Bilik" platformasının bir hissəsidir. Hazırda 92 ölkədə 6.500-dən çox təşkilat ən əhəmiyyətli elmi ədəbiyyatları tapıb əldə etmək istəyən fakültə, tələbə və tədqiqatçılar daxil olmaqla, elmi və tədqiqat müəssisələrinin bütün aspektlərinə kömək etmək üçün agentliyin resurslarından istifadə edir".

Vitse-prezidentin sözlərinə görə, hökumət agentlikləri, nazirliklər, siyasi qurumlar və bütövlükdə dünya bu elm aləmini başa düşmək, eləcə də fondların bölüşdürülməsi, kadr təminatı və digər bu kimi məsələlərdə qərar çıxarmaq üçün məhz "Thomson Reuters"-in məlumat bazasına etibar edir: "Biz Azərbaycanın akademik mühitinə, elmi araşdırma sahəsinə öz töhfəmizi verməyə çox şadıq. Dünyada elmi araşdırmalara, kəşflərə həmişə dəstək vermişik. Şadıq ki, son 18 ayda bir sıra dövlətlərlə bizim "Bilik şəbəkəsi"nə Qazaxıstan, Əlcəzair, Meksika kimi ölkələri də cəlb edə bilmişik.

Ümid edirik ki, Azərbaycanla da aparılan müvafiq danışıqların nəticəsi olaraq, həm "Bilik şəbəkəsi", həm də onun bir tərkib hissəsi olan "Elm şəbəkəsi"ndən burada da elmi işçilər yararlana, faydalana biləcəklər. Eyni zamanda istəyirik ki, Azərbaycan elmi ictimaiyyətinin dünyada nüfuzlu mənbələrdə nəşr olunmalarına şərait yaradaq. Biz Azərbaycanın 2020-ci ilə qədər proqnozlaşdırdığı planlarına çata bilməsi üçün dəstək vermək istəyirik".

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə uzun illər elmi tədqiqatların aparılması, elmi nəşrlərin qiymətləndirilməsi, eyni zamanda müvafiq qərarların verilməsi üçün "Thomson Reuters" agentliyinin zəngin bazaya malik olduğunu deyib: "Təcrübə göstərir ki, bu agentliklə əməkdaşlıq ölkələrdə elmi tədqiqat istiqamətlərinin müasirləşdirilməsində, ən yeni elmi əsərlərin seçilməsində, tədqiqatçı alimlərin öz həmkarları ilə əməkdaşlıq qurmasında onun rolu böyükdür. Belə bir agentliklə əməkdaşlıq elm sahəsi ilə yanaşı, digər sahələrdə də, o cümlədən biznes, dövlət idarəçiliyində də qərarların qəbul edilməsi üçün çox  vacibdir və Azərbaycan da onunla əməkdaşlığa hazırlaşır".

Nazir müavini bildirib ki, bu münasibətlər ümumilikdə ölkənin elmi ictimaiyyəti üçün çox səmərəli ola bilər: "Azərbaycanın elmi potensialı çox güclüdür. Azərbaycan alimlərinin apardığı elmi tədqiqatlar dünyada gedən elmi araşdırmalarla uzlaşır".

Daha sonra AMEA-nın vitse-prezidenti Arif Həşimov, Müəllif Hüquqları Agentliyinin Aparat rəhbəri Fuad Kərimov, Təhsil Nazirliyinin Elm Şöbəsinin rəisi Gültəkin Hüseynova çıxış edərək, agentliklə Azərbaycanın elmi işçiləri arasında qurulacaq əməkdaşlığın ümumilikdə elmə töhfə verəcəyini bildiriblər. Tədbirin sonunda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və "Thomson Reuters" agentliyinin "Elmi mükəmməlliyə görə" birgə mükafatlarının təqdimat mərasimi də keçirilib.
 
Həqiqət İSABALAYEVA





04/10/12    Çap et