Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

RİTN-də “Thomson Reuters” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində tanınmış "Thomson Reuters" şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib. Rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov tanınmış "Thomson Reuters" şirkətinin Elmi tədqiqatlar üzrə icraçı vitse-prezidenti Keyt Makqreqorun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan nazir Əli Abbasov qeyd edib ki, 92 ölkədə 6500-dən çox elm ocağını birləşdirən "Thomson Reuters"in "Bilik Şəbəkəsi" dünya üzrə alimlərin, elmi jurnalların, patent və elmi kəşflərin, texnoloji və innovasiya informasiyalarının obyektiv reytinqini tətbiq etməkdə əvəzsiz rol oynayır.

Nazir Azərbaycanda dərc olunan "Applied and Computational Mathematics" jurnalının məlum şəbəkədə təmsil olunması və 10-a yaxın azərbaycanlı alimin elmi tədqiqatlarının həmin şəbəkədə yerləşdirilməsini yüksək qiymətləndirib və azərbaycanlı alimlərin  "Bilik Şəbəkəsi"ndə təmsil olunması sayəsində ölkəmizin elmi nailiyyətləri, aparılan tədqiqatlar barədə "Thomson Reuters" kimi mötəbər şirkət vasitəsi ilə dünyaya çatdırılmasını vacib və mühüm hadisə kimi qiymətləndirib.

"Thomson Reuters" şirkətinin Elmi tədqiqatlar üzrə icraçı vitse-prezidenti Keyt Makqreqor Bakıda Rabitə və İnformasiya Texnologiyaları, Təhsil nazirliklərinin, Müəllif Hüquqları Agentliyi  və Milli Elmlər Akademiyasının  "Thomson Reuters" şirkəti ilə birgə elmi konfransın keçirilməsində göstərdiyi dəstəyə görə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə minnətdarlığını bildirərək qeyd edib ki, bu konfrans və görüşün keçirilməsi Azərbaycanda elmin inkişafına yeni bir təkan verəcək, "Thomson Reuters"in bazasına Azərbaycandan informasiya axınını təmin edəcək, elm və humanitar sahələrdə yeni istedadlı alimlərin aşkar olunması, onların dünya elm məkanına  qoşulmasında müsbət rol oynayacaq.
 
Sonra "Thomson Reuters" "Bilik Şəbəkəsi" bazasına Azərbaycanın çıxışının təmin edilməsi üzrə müqavilənin şərtləri müzakirə olundu.





04/10/12    Çap et