Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bakcell” dünyanın məşhur futbol klubu ilə tərəfdaşlığa başlayıb


Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkəti dünyanın ən məşhur futbol klublarından olan “Mançester Yunayted”lə (İngiltərə) tərəfdaşlığa  başlayıb. Bu gün Bakı Biznes Mərkəzində keçirilən tədbirdə şirkətin ölkə futbolunun inkişafından bəhs edən videoçarxı nümayiş olunub.

Üçillik tərəfdaşlıq müqaviləsi çərçivəsində şirkət MDB məkanında “Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq bu komandanın ölkədəki azarkeşlərinə və 2,6 milyondan artıq “Bakcell” abunəçisinə geniş çeşidli məzmun təqdim edəcəkdir. Mobil operator futbol klubu ilə əməkdaşlıq quran ilk Azərbaycan şirkətidir.

“Bakcell”in rəsmi “Mançester Yunayted” mobil xidmətlər paketinin abunəçiləri klubun ən son xəbərləri, son oyunların videogörüntüləri, rinqtonlar, divar kağızları və sair əldə edəcəklər. “Bakcell”, həmçinin klubun rəsmi “MUTV” televiziya kanalını Azərbaycanda yaymaq hüququna malik olacaqdır. Bu kanal vasitəsilə azarkeşlərə futbolçuların son müsahibələri və səhnəarxası çəkilişlərini izləmək imkanı veriləcəkdir.
“Bakcell” və “Mançester Yunayted” arasında əməkdaşlığa həsr olunmuş xüsusi wap-portal da fəaliyyət göstərəcəkdir.

Bu yeni və maraqlı tərəfdaşlıqdan söz açan klubun əlaqələr üzrə direktoru Nik Hamfreys demişdir: “Mançester Yunayted” Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkəti ilə əməkdaşlıq etməkdən çox məmnundur. Yeni müqaviləmiz “Mançester Yunayted” üçün daha bir ilkdir, çünki bu, Azərbaycanla olan yeganə əməkdaşlığımızdır. Azərbaycanlı azarkeşlərimizin sayı gündən-günə artır və biz inanırıq ki, “Bakcell” şirkəti ilə işbirliyimiz azarkeşlərimizə sevdikləri kluba daha yaxın olmaq imkanı yaradacaqdır”.
“Bakcell” şirkətinin baş icraçı direktoru Riçard Şirer əməkdaşlığı yüksək qiymətləndirmişdir.

Bildirmişdir ki, “Bakcell” tək Azərbaycanda yox, bütün MDB məkanında dünyanın ən böyük futbol klublarından biri ilə əməkdaşlıq edən ilk şirkətdir. Bu əməkdaşlıq sayəsində “Bakcell” müştəriləri, “Mançester Yunayted” azarkeşləri, ölkənin və bütün regionun futbolsevərləri futbola və “Mançester Yunayted”ə daha yaxın olacaqlar.

“Mançester Yunayted”in əfsanəvi futbolçusu Piter Şmayhel Azərbaycana ilk dəfə səfər etdiyini bildirmiş, ölkə futbolunun inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndirmiş və əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını diqqətə çatdırmışdır.
Sonra “Bakcell” şirkəti tərəfindən hazırlanmış və əfsanəvi futbolçudan bəhs edən videoçarx nümayiş etdirilib.

RƏVAN





15/10/12    Çap et