Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

DİDK-in “Facebook” və “Twitter”də rəsmi səhifələri yaradılıb


Azərbaycan Respublikasının diaspor sahəsində siyasətini icra edən Diasporla İş üzrə Dövlət Komitəsi görülən işlər barədə ictimaiyyətin məlumatlandırılmasının daha operativ və əhatəli şəkildə həyata keçirilməsi məqsədi ilə “Facebook” (www.facebook.com/AzDiaspora) və “Twitter” (www.twitter.com/DiasporaAz) sosial şəbəkələrində rəsmi səhifəsini yaradıb.

“ICTnews” elektron xəbər xidmətinin komitəyə istinadən verdiyi məlumata görə, hazırda “Facebook” və “Twitter”dəki rəsmi səhifədə Diasporla İş üzrə Dövlət Komitəsi, onun məqsəd və vəzifələri haqqında məlumat yerləşdirilib. Komitənin cari fəaliyyəti və keçirdiyi tədbir və görüşlər, müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının fəaliyyətinə dair xəbərlər də operativ surətdə rəsmi səhifələrdə əks olunur.

 Eyni zamanda səhifədə Dövlət Komitəsinin və ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının keçirdiyi qurultay, konfrans və digər tədbirlərdən çəkilmiş fotoşəkillərdən ibarət albomlar yaradılıb, bir sıra tədbirlərin, çıxışların videoçarxları yerləşdirilib.

 Diasporla İş üzrə Dövlət Komitəsinin “Facebook” və “Twitter”dəki rəsmi səhifəsində bütün paylaşmalar  ziyarətçilərin şərhləri, müzakirəsi üçün açıqdır.

“Facebook” və “Twitter”də rəsmi səhifənin yaradılması Diasporla İş üzrə Dövlət Komitəsinə sosial şəbəkələrin imkanlarından bəhrələnərək yeni kommunikasiya növlərindən istifadə sayəsində ictimaiyyətin diaspor sahəsi ilə bağlı marağını maksimum dərəcədə təmin etməyə şərait yaradacaq.

CAHANGİR





18/10/12    Çap et