Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

RİTN Aparat rəhbəri, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Vidadi Zeynalov “Avrasiya iqtisadi biznes forumu”nda iştirak edib


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Aparat rəhbəri, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Vidadi Zeynalov 18-20 oktyabr tarixlərində Avropa İqtisadiyyat, Ticarət, Sahibkarlıq və Sənaye Palatasının təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində keçirilən "Avrasiya iqtisadi biznes forumu"nda iştirak edib.

"Bugünkü və gələcək Avrasiya iqtisadi münasibətlərinin dünya iqtisadiyyatına təsiri"nə həsr olunmuş forumda  V.Zeynalov "Azərbaycanda İKT sektorunun inkişafı və İKT layihələrinin perspektivləri" mövzusunda çıxış edib.

Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü siyasətdən söz açan aparat rəhbəri çıxışında qeyd edib ki, bu gün respublikanın iqtisadi siyasətində neftdən əldə olunan gəlirləri qeyri-neft sektorunun inkişafına, texnoloji tutumlu iqtisadi sektorun qurulmasına, innovasiyalı iqtisadiyyatın inkişafına yönəltməklə, iqtisadiyyatın diversifikasiyasına nail olmaq prioritet təşkil edir.

Azərbaycanda İKT sektorunun sürətlə inkişaf etdiyini vurğulayan V.Zeynalov bildirib ki, son illər İKT-dən ölkədə iqtisadi islahatların effektiv aparılmasında bir vasitə kimi istifadə olunur: "Bunun nəticəsidir ki, cari ilin sentyabr ayında Dünya İqtisadi Forumunun dərc etdiyi "The Global Competitiveness Report 2012-2013" sənədində Azərbaycan 55-ci yerdəki mövqeyindən 9 pillə irəliləyərək dünyanın 144 ölkəsi arasında 46-cı yeri tutub və MDB məkanında öz liderliyini qoruyub saxlaya bilib".





22/10/12    Çap et