Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Telekommunikasiya peykinin orbitə çıxarılması üçün iyulun sonuna kredit sazişinin imzalanması nəzərdə tutulur


Azərbaycan Respublikasının ilk telekommunikasiya peykinin hazırlanması və orbitə çıxarılması istiqamətində görülən işlər davam etdirilir. Ötən dövr ərzində yerüstü Peyk İdarəetmə Mərkəzinin yaradılması məqsədilə Nazirlər Kabinetinin 2011-ci il 4 mart tarixli 69s nömrəli sərəncamı ilə “Azərkosmos” ASC-nin daimi istifadəsi üçün 10 hektar torpaq sahəsi (rabitə təyinatlı torpaq kateqoriyasına keçirilməklə) ayrılaraq, Mərkəzin tikintisinə hazırlıq üzrə zəruri tədbirlər görülüb. Eyni zamanda, ABŞ İxrac-İdxal bankından dövlət zəmanəti ilə kredit alınması məqsədilə kredit sazişi layihəsinə dair aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının və peyk layihəsi üzrə hüquq və maliyyə məsləhətçilərinin rəy və təklifləri alınıb. Qeyd edək ki, iyul ayının sonuna kredit sazişinin imzalanması nəzərdə tutulur.
Eyni zamanda, “Arianespace” şirkəti ilə imzalanmış müqavilənin maliyyələşdirilməsi məqsədilə, Fransanın “COFACE” İxrac Kredit Agentliyindən kredit alınması üçün Fransanın “Societe Generale” və SMBC bankı ilə kredit danışıqlarına başlanılıb. Hörmətli Prezidentimiz cənab İlham Əliyev həm 2011-ci ilin I rübünün, həm də I yarımilliyinin sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar keçirilən iclasda Azərbaycanda kosmik sənayenin inkişafının ölkənin imici və nüfuzu üçün çox vacib olan məsələ olduğunu vurğulayaraq II peykin orbitə çıxarılacağını və peykin kommersiya istismarından əldə olunacaq gəlirlərin ölkə üçün yaxşı imkanlar yaradacağını qeyd edib.




25/07/11    Çap et