Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

20 minə yaxın “Xalq kompüteri” istehlak olunub


“Hər ailə üçün kompüter” şüarı altında keçirilən “Xalq kompüteri” layihəsi çərçivəsində güzəştli şərtlərlə əldə olunan kompüterlərin sayı 19800 ədədə çatıb.

Qeyd edək ki, “Xalq kompüteri” layihəsinin məqsədi ümumtəhsil və ali məktəblərin müəllimlərinə, tələbə və şagirdlərə, dövlət qulluqçularına, həmçinin səhiyyə sahəsinin işçilərinə sadə şərtlərlə - 12 ay boyunca, hər ay ödəniş etməklə kompüter sahibi olmaq imkanı verməkdir.

Hazırda layihə Bakı şəhərində və regionlarda geniş vüsət alıb.

“Xalq kompüteri” layihəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, “HP”, “Microsoft” və “Bestcomp Group” şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilir.

Layihədə həmçinin “Azercell” və “Azerfon” mobil rabitə operatorları iştirak edir. Kompüterlərin çatdırılması və aylıq ödənişlərin qəbulu “Azərpoçt” MMC tərəfindən həyata keçirilir.

Layihə çərçivəsində kompüterlər sənədlərlə və internetdə effektiv və təhlükəsiz işin aparılması üçün nəzərdə tutulan geniş çeşiddə lisenziyalı proqram təminatı ilə təchiz edilir. Belə ki, ötən il layihəyə antivirus proqram təminatının müəllifi - “Doktor Veb” şirkəti də qoşulub.

Layihə tərəfindən təqdim edilən təkliflər paketinə “HP” şirkətinin istehsalı olan kompüterlər daxildir. Hazırda model çeşidinə “HP ProBook” və “Pavillion” noutbukları cərgəsi, şəxsi kompüterlər, “All-in-One” sistemləri və “HP” netbukları daxildir.

RƏVAN





20/11/12    Çap et