Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Meego” əməliyyat sisteminin varisi təqdim edilib (VİDEO)


Finlandiyanın “Jolla” şirkəti Helsinkidə keçirilən “Slush” konfransında “Sailfish OS” mobil əməliyyat sistemini (ƏS) təqdim edib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Sailfish OS” interfeysinin əsas elementlərindən biri "kart" (cards) tətbiqidir. Onlar ev ekranında yerləşir və “Android” platformasındakı vidcetlə “Windows Phone” ƏS-dəki "canlı plitələr" arasında orta bir şey təşkil edir. "Kartlar" proqramı əsas menyu vasitəsilə açmadan onunla işləməyə imkan verir.

"Karta" uzun müddət sıxdıqda o, proqramda icra edilməsi  mümkün hərəkətlərin siyahısını təqdim edəcək.
“Sailfish OS” müxtəlif aparat platformalarını dəstəkləyəcək. Sistem “ST-Ericsson”un hazırladığı “NovaThor” prosessorları ilə uyğun olacaq. “Sailfish OS” platforması ilə işləyən smartfonlarda “Android” üçün bir çox tətbiqləri icra etmək mümkündür.

“Sailfish OS” ilə işləyən birinci smartfonların 2013-cü ildə istifadəyə veriləcəyi gözlənilir. Qeyd edək ki, bu platforma yalnız smartfonlarda deyil, həm də planşet, televizor, avtomobil sistemləri və sairdə istifadə oluna bilər.

“Sailfish OS” və “Meego” sistemləri “Linux” nüvəsinə əsaslanır. “Meego”nun hazırlanmasında “Nokia” şirkəti iştirak etmişdi və ondan imtina etdikdə şirkətin bir neçə keçmiş əməkdaşı “Jolla” şirkətini yaradaraq layihəni inkişaf etdirməyə davam etdilər. “Sailfish OS” sisteminin əsasını “Meego”nun bir qolu olan “Mer” əməliyyat sistemi təşkil edir.




 
EMİL





22/11/12    Çap et