Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Outlook.com” poçt xidmətinin auditoriyası 25 milyonu ötüb


“Outlook.com” pulsuz poçt xidmətinin istifadəçilərinin sayı 25 milyonu ötüb. Bu barədə “Outlook”un rəsmi bloqunda məlumat verilib.

“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, “Microsoft” şirkəti “Outlook.com” xidmətini cari il iyulun sonunda təqdim edib. Qeyd edək ki, “Outlook.com” xidməti “Hotmail” elektron poçt xidmətini əvəz etmək üçün istifadəyə verilib. “Microsoft”, həmçinin yeni poçt xidmətinin sınaq müddətində “Hotmail”i dəstəkləməyə davam edəcək.

İstifadəçilərin sayında qeydə alınmış artıma baxmayaraq, “Outlook.com” xidməti hələ ki rəqiblərindən mühüm dərəcədə geri qalır. Müqayisə üçün bildirək ki, “Gmail” elektron poçt xidmətinin auditoriyası 425 milyondan çoxdur.

Nüfuzlu “Time” jurnalının versiyasına görə “Outlook.com” xidməti bu yaxınlarda 2012-ci ilin 50 ən yaxşı saytından biri adlandırılıb.

“Microsoft”un yeni poçt xidməti “SkyDrive” “bulud” xidməti, “Facebook”, “Twitter”, “LinkedIn”, “Google”, həmçinin “Skype” internet telefoniya xidmətindəki hesablarla əlaqələndirilib.

Qeyd edək ki, “Outlook.com”-un sələfi olan “Hotmail” xidməti 1996-cı ildə istifadəyə verilib və “Microsoft” şirkəti 1998-ci ildə onu satın aldı. “Hotmail” istifadəçilərinin sayı 350 milyonu ötür.
 
EMİL





28/11/12    Çap et