Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Təhsil Nazirliyi maarifləndirici televiziya layihələrinin yayımlanacağı internet portalı yaradacaq


Maarifləndirici televiziya layihələrinin yayımlanacağı internet portalı yaradılacaq. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin direktoru Samir Məmmədov bildirib. Onun sözlərinə görə, adıçəkilən nazirlik ölkədə maarifləndirici televiziyanın – “Təhsil TV”-nin yaradılması ilə bağlı layihə həyata keçirir.

Yaxın aylarda yeni layihənin təqdimatının gözlənildiyini önə çəkən S.Məmmədov əlavə edib ki, hazırda mövzu üzrə çəkilişlərlə məşğul olacaq studiya ilə müqavilənin imzalanması gözlənilir: “Layihə ilk növbədə maarifləndirici televiziya layihələrinin yayımlanacağı internet portalının yaradılmasını nəzərdə tutur.

Bu gün nazirlik layihə çərçivəsində portalda yerləşdiriləcək bir sıra veriliş və dərslərin çəkilişlərini sifariş edib. Layihənin həyata keçirilməsində məqsəd ölkədə reallaşdırılan maarifləndirici proqramlar, layihələr və ümumilikdə təhsil sahəsində baş verən hadisələr haqqında əhaliyə məlumat verməkdən ibarətdir”.



SEYMUR





28/11/12    Çap et