Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Naxçıvan Dövlət Universitetində “Elektron universitet” layihəsi həyata keçiriləcək


Naxçıvan Dövlət Universitetində (NDU) "Elektron universitet" layihəsinin yaradılması və həyata keçirilməsi ilə bağlı müşavirə olub.

Universitetin rektoru, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli Azərbaycanda "elektron cəmiyyət" və "elektron hökumət" yaradılması istiqamətində görülən işlərdən, rəhbərlik etdiyi ali təhsil müəssisəsində elektron təhsilin reallaşdırılması istiqamətində mühüm addımlardan danışıb.

O bildirib ki, muxtar respublika rəhbərliyinin qayğısı ilə bu ali məktəb ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunub, 108 hektarlıq ərazini əhatə edən "Wi-Fi" internet şəbəkə sistemi istifadəyə verilib, virtual əlaqələr genişlənib. Universitetin həyata keçirdiyi ənənəvi "Elektron Naxçıvan" proqramı, buradakı media mərkəzinin və informasiya texnologiyaları şöbəsinin fəaliyyəti, universitetin müasir standartlara cavab verən rəsmi internet səhifəsinin yaradılması, yeni "Elektron təhsil" layihəsinin tətbiqinə başlanılması bu sahədə qazanılan uğurlardandır.

Rektor "Elektron universitet" layihəsi, onun elektron idarəçilik, elektron təhsil, elektron Naxçıvan, elektron elm, elektron media kimi aparıcı istiqamətləri, layihənin icrası ilə bağlı qarşıda duran vəzifələr barədə geniş məlumat verib.

 Müşavirədə NDU-nun elektron təhsil şöbəsinin "Elektron təhsil" layihəsinin həyata keçirilməsi istiqamətində gördüyü işlər, elektron imtahanla əlaqədar proqram təminatı, Koreya Respublikasının Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) ilə birgə həyata keçiriləcək "Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması" layihəsi və onun həyata keçirilməsi istiqamətində qarşıda duran vəzifələr, universitetin beynəlxalq reytinq cədvəlində iştirakını təmin etmək məqsədi ilə görülən işlər barədə məlumat verilib.

Universitetin elmi işlər üzrə prorektoru Anar Kazımov tədbirdə çıxış edərək "KOİCA" ilə birgə reallaşdırılacaq layihənin həyata keçirilməsi üçün akademik idarəetmə sistemi, texniki təminat, portal, multimedia, elektron sənədləşmə üzrə yaradılan işçi qrupları və onların fəaliyyətlərindən danışıb.
Tədbirdə "Elektron universitet" layihəsi ilə bağlı müzakirələr aparılmış, təkliflər irəli sürülüb.





30/11/12    Çap et