Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda İnformasiya Sistemlərinin istismarı üzrə təlim keçirilib


"Mədəd Azərbaycan" İnformasiya Sistemlərinin istismarı üzrə təlim keçib. Təşkilatdan "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, təlimlər 10-14 dekabr tarixlərində Bakıda Təhsil Nazirliyinin Məlumat və Resurs Mərkəzində dövlət qurumlarında çalışan İnformasiya Texnologiyaları üzrə mütəxəssis və menecerlər üçün təşkil olunub:

"Təşkilatın xüsusi dəvəti ilə Norveçdən Bakıya gəlmiş ekspert Even Yar 20 nəfər iştirakçı üçün informasiya sistemlərinin idarə olunması üzrə təlim keçib. Beş gün davam edən təlimin məqsədi Azərbaycan təşkilatlarında İnformasiya Sistemlərinin idarə olunması üzrə çalışan əməkdaşlar üçün İnformasiya Sistemlərinin (İS) istismarı ilə bağlı bilik və bacarıqları öyrətmək, müəssisələrin İS-dən istifadə edərək işlərinin asanlaşdırılması və daha səmərəli olmasına nail olmaqdır".

Ölkəmizə ilk dəfə gəlməsini vurğulayan E.Yar Azərbaycandan məmnunluğunu bildirərək təlimlərin gedişatından danışıb: "Dövlət qurumlarında çalışan İT mütəxəssisləri üçün nəzərdə tutulmuş bu təlim onların fəaliyyətinin səmərəliliyini təmin etmək məqsədi daşıyır. İS istismarı ilə bağlı standartlarla tanışlıq, yeni alətlərin öyrənilməsi, sistemlərin alışı, planlaşdırma, büdcənin hazırlanması kimi spesifik məsələlərə də toxunulmuşdur. Biz informasiya sistemlərinin qurulmasının əsaslarını incələdik.

"Mədəd Azərbaycan" təşkilatı tərəfindən hazırlanmış təlim materiallarında daha ətraflı məlumat yer almışdır və iştirakçılara təlimdən sonrakı dönəmdə də çox faydalı olacaq. Bizim növbəti təlimimiz Naxçıvanda baş tutacaq. Orada da təlimin uğurlu olmasına əminəm. Təşkilatçılara xüsusi təşəkkürümü bildirirəm."

Qeyd edək ki, təlim Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi və Dünya Bankının Layihənin Əlaqələndirmə Qrupunun dəstəyi ilə həyata keçirilib.

HƏQİQƏT




30/12/12    Çap et