Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“HTC” 2013-cü ildə əvvəlki vəziyyətini bərpa edəcəyinə ümid edir


İT dünyasında ən böyük sərgilərdən biri sayılan "CES 2013"-ün yaxınlaşması ilə əlaqədar şirkət-istehsalçılar tez-tez cari il üçün öz inkişaf strategiyaları haqqında məlumat verir. "HTC" şirkəti də öz planları haqqında "The Wall Street Journal" nəşri ilə bölüşüb. Şirkətin direktoru Piter Çou 2012-ci ili şirkətin tarixində ən bərbad il adlandırıb və şirkətin 2013-cü ildə daha çox qabaqcıl məhsul təqdim edəcəyinə söz verib.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, 2012-ci ildə "HTC"-in iş fəaliyyəti çox aşağı olub və şirkət maliyyə göstəricilərini yaxşılaşdıra bilməyib. "HTC" şirkəti "Android" bazarında əsasən "Samsung"la rəqabət aparır. Qeyd edək ki, "Samsung" şirkəti 2012-ci ildə "Galaxy S III" "ağıllı" telefonu və "Galaxy Tab" planşetini istehsal etdi və "HTC" onlara heç bir məhsulla cavab verə bilmədi. 2012-ci ilin üçüncü rübündə "HTC" şirkətinin gəliri son 6 il ərzində ən aşağı qiymətə düşmüş, son 2 il ərzində dəyərinin 80 faizdən çoxunu itirmiş səhmlərin qiyməti isə təhlükəli həddə çatmışdı. Ən pisi isə "HTC"-in "ağıllı" telefon bazarında payının 2,2 faizədək düşməsi olub. Bununla belə Çou bildirib ki, "HTC" üçün bu problemlər artıq arxada qalıb və 2013-cü il fərqli olmalıdır. "Bizim rəqiblərimiz çox güclü və çox böyük resurslara malikdirlər və marketinqə xeyli miqdarda pul yatırırlar. "HTC" isə məhsullarının populyarlığı üçün kifayət qədər cəhd etmədi" – o etiraf edib.

Bütün bunlara baxmayaraq, Çou xatırladıb ki, məhz "HTC" "Android" bazarında birinci "oyunçu"lardan biri olub və şirkət "ağıllı" telefon istehsalı sahəsində ən böyük ekspertizalardan birinə malikdir.

Emil Hüseynov




07/01/13    Çap et