Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“RSS” formatının həmtəsisçisi intihar edib


İnternet-aktivist, "RSS" formatının həmtəsisçisi və "Reddit" layihəsinin həmmüəllifi Aaron Şvars özünə qəsd edib. Proqramçının 26 yaşı var idi. "ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, gənc oğlan Nyu-Yorkda yerləşən mənzilində özünü asıb. İlkin məlumatlara görə, o, yanvarın 11-də özünə qəsd edib.

Şvars 14 yaşında "Rich Site Summary" (RSS) spesifikasiyasının yaradılmasında iştirak etmişdi. Məlumat üçün bildirim ki, "RSS" formatı xəbər lentlərinin təsviri üçün nəzərdə tutulub. O, 2006-cı ilin əvvəlində "Reddit" layihəsinə qoşulmuş, lakin bu xidməti "Conde Nast" nəşriyyat evi satın aldıqdan sonra 1 il ərzində tərtibatçılar komandasını tərk etmişdi.

Aktivist, həmçinin "Creative Commons" adlı qeyri-kommersiya təşkilatı ilə əməkdaşlıq edirdi və "Open Library" (çap nəşrlərinin geniş kataloqunu) yaratmışdı. Şvarsın bloqunda dərc edilmiş məlumatlara görə, o, son zamanlarda "watchdog.net" və "Demand Progress" layihələri üzərində çalışırdı.

Bundan başqa, o, bir sıra populyar nəşrlərə məqalələr yazırdı. Şvars Stenford Universitetinə daxil olmuş, lakin 1 ildən sonra oranı tərk etmişdi. Bundan sonra o, Harvard Universitetində təhsil almışdı.

Emil Hüseynov




14/01/13    Çap et