Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib


Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Dövlət başçısı iclası giriş nitqi ilə açıb.

İclasda Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov da çıxış edib:

- Möhtərəm cənab Prezident!

Hörmətli iclas iştirakçıları!


Öncə qeyd edim ki, 2003-cü ilin fevralında ümummilli liderimiz Heydər Əliyevin xüsusi Fərmanı ilə regionda ilk dəfə olaraq qəbul olunmuş İKT-nin inkişafı üzrə 10 illik Milli Strategiya 2012-ci ildə başa çatmışdır. Digər tərəfdən Sizin ötən il dekabrın 29-da imzaladığınız Fərmanla "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsasən, bu ildən ölkəmizdə yeni bir inkişaf dövrü başlayır və konsepsiyanın hədəflərinə çatmaq üçün İKT sahəsinin üzərinə yeni və məsuliyyətli vəzifələr qoyulmuşdur.

İyirmiillik tariximizə nəzər salsaq, sosial-iqtisadi inkişafın mahiyyəti bir kiçik tezislə ifadə oluna bilər. Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələn zaman onu çörək növbələri qarşılamışdı, 2013-cü ildə isə ölkəmiz Sizin rəhbərliyinizlə artıq kosmik ölkələr sırasına qoşulmuşdur. İKT sektoru 2004–2013-cü illər üzrə hər üç ildə təxminən iki dəfə genişlənmişdir, 2012-ci ildə isə sektorun artım tempi təxminən 18 faiz olmuşdur. Bu isə ümumdünya orta artım tempindən təxminən 2,5 dəfə yüksəkdir. MDB ölkələri sırasında ilk dəfə 2008-ci ildə Azərbaycanda bütün yaşayış məntəqələri telefonlaşdırılmış, 2010-cu ildə isə tam elektronlaşdırılmışdır, yəni rəqəmləşdirilmişdir. Keçən il şəbəkəyə, təxminən 20 min nömrə də əlavə olunaraq, "yeni nəsil şəbəkəsi" texnologiyaları tətbiq olunmuşdur.

Hesabat ilində sektora 400 milyon ABŞ dollarından çox investisiya qoyulmuşdur. Son üç ildə Azərbaycan MDB ölkələri arasında geniş regionda İnternet istifadəçilərinin sıxlığına görə liderdir. 2012-ci ildə bu rəqəm 65 faizdən təxminən 70 faizə yaxınlaşmışdır. Keçən ildə İnternet xidmətlərinin keyfiyyəti yüksəlmiş, 2011-ci illə müqayisədə xaricə çıxış tutumu 2,2 dəfə artmış, qiymətlər isə təxminən 35 faiz azalmışdır. Bu gün Azərbaycanda 1 meqabit-saniyə xidmətinin qiyməti orta əmək haqqının təxminən 3 faizi qədərdir. Müqayisə üçün qeyd edim ki, inkişaf etməkdə olan ölkələr üçün bu rəqəm orta hesabla 20 faiz civarındadır.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət Neft Fondu Azərbaycanda "evlərə optika" modeli üzrə ölkənin bütün yaşayış məntəqələrinə yüksəksürətli genişzolaqlı İnternet xidmətlərini verən optik şəbəkənin qurulması üzrə layihə hazırlamışdır və 2013-cü ildə artıq bu layihəyə 103 milyon manat vəsait ayrılmışdır. Layihə üç il müddətində həyata keçiriləcək və yüksək rentabellidir. 2014-cü ildən başlayaraq ümumi dəyərin 30-35 faizi reinvestisiya hesabına ödəniləcəkdir. Əsas hədəf ucqar kəndlər də daxil olmaqla, sürəti 10-100 meqabit-saniyə arasında olan genişzolaqlı internetə çıxışı təmin etmək, istifadəçilərin sayını isə təxminən 85 faizə çatdırmaqdır ki, bu da həmin vaxt üçün, yəni 2017-ci ildə inkişaf etmiş ölkələrin səviyyəsinə bərabər olacaqdır. Ötən ildə Azərbaycan dördüncü nəsil mobil rabitə texnologiyasını tətbiq edən Avropanın doqquzuncu, dünyanın isə 37-ci ölkəsi olmuşdur. İndi bizdə hər 100 nəfərə təxminən 110 telefon düşür. Mobil telefon sistemi də 2010-cu ildə MDB ölkələri arasında ilk dəfə olaraq ölkə ərazisini 100 faiz əhatə etmişdir. İndi mobil abunəçilərin əksəriyyəti, həm də sürətli internet istifadəçiləridir.

Cənubi Qafqaz, Orta və Mərkəzi Asiya ölkələri arasında rəqəmli televiziya yayımının ilk dəfə Azərbaycanda tətbiq olunmasına başlanılmış və indi ölkə əhalisinin 90 faizinin bu yayım texnologiyasına çıxış imkanı təmin olunmuşdur. Azərbaycanda bu gün 25 televiziya kanalı var, onlardan 11-i ümumrespublika, 14-ü isə regional kanaldır, 15 radio proqramı mövcuddur. Eyni zamanda, 12 kabel televiziyası və 20-dən çox İnternet televiziya studiyaları fəaliyyət göstərir.

Milli Teleradio Şurasının razılığı ilə ölkəmizdə mərkəzləşdirilmiş və lisenziyalaşdırılmış 100-dən çox xarici radio-televiziya kanallarının qəbulu, saxlanma və paylanma sistemi yaradılmışdır ki, planımız bu sistemi regional mərkəzə çevirməkdir. Bir pəncərə prinsipi ilə işləyən vahid elektron hökumət portalı yaradılmış və 2012-ci ilin sentyabrından İnternet vasitəsilə əhali və iş adamlarının istifadəsinə verilmişdir. Elektron hökumət portalına 40 hökumət və dövlət qurumu real vaxt rejimində birləşdirilmiş və Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 417 xidmətdən 158 sadə xidmət artıq portalda cəmləşdirilmiş və İnternetə birbaşa çıxışı olan əhalinin istifadəsinə verilmişdir. Elektron imza sisteminin kompyuter və mobil telefon versiyası işə salınmış və 2012-ci ildə təxminən 5,5 mindən çox dövlət məmuru və vətəndaşlar elektron imzadan istifadə etmişlər.

Dünya Bankı və Azərbaycan Mərkəzi Bankı ilə birlikdə poçt sisteminin müasir kompyuter şəbəkəsi qurulmuş, müasir idarəçilik və yeni iş prinsipləri üzrə fəaliyyəti təmin edilmiş, qeyri-ənənəvi xidmətlərin, o cümlədən bank-maliyyə, elektron dövlət xidmətləri, logistika və digər xidmətlərin göstərilməsinə başlanmışdır. Lakin qeyd etməliyəm ki, poçt sisteminin rəqabətlilik qabiliyyətini yüksəltmək və rentabelliliyini təmin etmək üçün işlər hələ davam edir. Bu gün poçt müəyyən həcmdə dövlət büdcəsindən və əsasən də telekommunikasiya sektorunda əldə olunan gəlirlərdən subsidiya almaqda davam edir.

Azərbaycanın ilk telekommunikasiya peykinin istehsalı başa çatmış və fevral ayının birinci ongünlüyündə orbitə çıxarılması planlaşdırılmışdır. Peyk orta çəkilidir - 3,2 ton, ABŞ-ın "Orbital" şirkəti tərəfindən istehsal olunmuş və Fransanın "Arian" şirkəti tərəfindən orbitə çıxarılacaqdır. Peyk resurslarının 20 faizi ölkəmizin yerli tələbatını ödəmək üçün istifadə olunacaqdır, qalan 80 faizi isə dünya bazarlarına ixrac olunacaqdır. Təxminən 40 faizinin satışı üçün şərti müqavilələr imzalanmışdır. Peyklərin idarə olunması üçün regional idarəetmə mərkəzinin və ehtiyat idarəetmə mərkəzinin yaradılması başa çatmışdır. Mərkəz təkcə Azərbaycanın yox, region üzərindən uçan digər ölkələrə məxsus peyklərin də idarə olunması üçün istifadə olunacaqdır. Yer səthinin müşahidəsi üçün universal qəbuletmə və emaletmə sisteminin quraşdırılmasına başlanılmış və 2013-cü ilin sentyabr ayından real vaxt rejimində əcnəbi peyklərdən yüksək dəqiqlikli təsvirlərin alınması və müxtəlif təyinatlı istifadəsi təmin olunacaqdır. Yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı yer orbitinə çıxarılması 2015-ci ilə, ikinci telekommunikasiya peykinin orbitə çıxarılması isə 2016-cı ilə planlaşdırılmışdır. Qeyd edim ki, BMT-nin uyğun komitəsində Azərbaycan kosmik ölkələr sırasına qəbul olunmuş, ölkəmiz kosmik fəzanın sülh məqsədlərlə istifadəsi üzrə öhdəliklər götürmüşdür. Kosmik texnologiyalar üzrə çox vacib məsələ olan kadr hazırlığına xüsusi diqqət yetirilmişdir.

Son üç ildə orta yaşı 25-28 olan təxminən 30 nəfər peyklərin idarə olunması üzrə ABŞ, Fransa və Malayziyada uzunmüddətli kurs və təlimlər keçmiş milli mütəxəssis hazırlanmışdır.

BMT-nin 67-ci Baş Məclisi (dekabr 2012-ci il) Azərbaycanın əlaqələndirici olduğu "Avrasiya Transmilli Böyük İnformasiya Magistralı" (TASİM) layihəsinə xüsusi qətnamə ilə ikinci siyasi dəstəyini vermiş və bu layihə üzrə xüsusi alyansın yaradılmasını tövsiyə etmişdir.

İkinci layihə Avropa Yaxın Şərq yüksəksürətli İnformasiya Şəbəkəsinin (EPEG) Azərbaycanda əsas və ehtiyat qovşaqlarının quraşdırılması tamamlanmışdır. İnternet şəbəkəsinin regional resurslar və xidmətləri serverlərinin, ünvanların idarə olunması üçün regional sistemin ölkəmizdə qurulması Azərbaycanın region ölkələrinə internet xidmətlərinin ixracını xeyli artırmışdır.

Ötən il ölkəmiz beynəlxalq aləmdə, həmçinin genişmiqyaslı kütləvi tədbirlərin keçirilməsi ilə yadda qalmışdır. Bu kütləvi tədbirlər zamanı, həmçinin də ölkəmizin telekommunikasiya, İnternet, radio-televiziya şəbəkələri xüsusilə gücləndirilmiş rejimdə işləmişdir. 2012-ci ildə "BakuTel" beynəlxalq konfrans və sərgi ilə birlikdə BMT və Azərbaycan hökumətinin birgə təşkilatçılığı və şəxsən cənab Prezident, Sizin himayənizlə ilin İnternet üzrə ən böyük tədbiri – İnternet İdarəçilik Forumu Bakıda keçirilmişdir. Forumda 1600-dən çox xarici və 1200 Azərbaycan vətəndaşı iştirak etmişdir, 3800 xarici iştirakçı isə videokonfranslar vasitəsilə Foruma qoşulmuşlar.

İKT-nin daha sürətli inkişafı üçün 2012-ci ildə İKT-nin İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı, İnformasiya Təhlükəsizliyi Mərkəzi və İnformasiya Təhlükəsizliyi üzrə Dövlət Agentliyinin yaradılması üzrə Azərbaycan Respublikası Prezidentinin sərəncam və fərmanları imzalanmışdır. İKT məhsul və xidmətlərinin ixrac həcminin artırılması üçün vergi güzəştlərinin tətbiqinə qərar verilmişdir.

"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsasən hədəfimiz İKT-nin illik artımını təxminən 18-20 faiz ətrafında saxlamaqla, qarşıdakı səkkiz ildə sektorun gəlirlərini 8-9 milyard ABŞ dollarına çatdırmaqdır. Buna əsasən, rəqabət mühitinin yaxşılaşdırılması, sektora olunan fiskal və monetar güzəştlər, ixrac potensialının artırılmasına yönəlmiş siyasət, regional İKT resurslarının, yüksək texnoloji məhsul və xidmətlərin yaradılması, güclü insan kapitalına əsaslanan innovativ sahibkarlığın inkişafı hesabına nail olunması planlaşdırılmışdır.

Diqqətinizə görə sağ olun!




16/01/13    Çap et