Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Antivirus proqramları zərərli proqramlarla mübarizədə uduzur


Keçirilmiş tədqiqatın nəticəsinə əsasən, sınaqdan keçirilmiş 25 antivirus məhsulundan yalnız 3-ü təhlükəsizlik sertifikatına layiq görülməyib. "ICTnews.az" elektron xəbər xidməti "securitylab.ru" saytına istinadən bildirir ki, Almaniyanın "AV-Test" İnformasiya Təhlükəsizliyi İnstitutunun keçirdiyi tədqiqat çərçivəsində ötən ilin noyabr-dekabr ayları ərzində ev istifadəsi üçün nəzərdə tutulmuş 25 antivirus proqramı və məlumatların mühafizəsi üçün 8 korporativ sistem zərərli hücumlara məruz qalıb.

Yekun nəticəyə əsasən, "AV-Test" nümayəndələri bildiriblər ki, antivirus proqramlarının səmərəliliyi əvvəlki tədqiqatla müqayisədə aşağı düşüb. Antivirus proqramları virusa yoluxdurulmuş sistemlərin yalnız 91 faizini təmizləyib, lakin onlardan yalnız 60 faizinin iş fəaliyyəti əvvəlki kimi bərpa edilib.

Şirkət bildirib ki, tədqiqatın yekununa əsasən, 25 antivirus proqramından 3-ü ("Microsoft Security Essentials", "PC Tools" və "AhnLabs") təhlükəsizlik sertifikatı almaq üçün lazımi balı toplaya bilməyib. 8 korporativ məhsulun tədqiqat nəticələri daha yaxşıdır. Lakin bu halda belə "Microsoft Forefront Endpoint Protection" vəzifəsinin öhdəsindən gələ bilməyib.

"AV-Test"-in əsas icraçı direktoru Andreas Marks qeyd edib ki, bu dəfə şirkətin yüksək standartlarının öhdəsindən gələ bilməyən antivirus proqramlarının sayı daha çoxdur və buna görə də "AV-Test" təhlükəsizlik sertifikatına layiq görülməyib.

Emil Hüseynov




16/01/13    Çap et