Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Şəkinin ən ucqar kəndlərində genişzolaqlı internetə çıxış imkanı yaradılır


Regionlarda ən ucqar kəndlərdə sakinlərin genişzolaqlı internetə çıxış imkanlarının artırılması istiqamətində tədbirlər həyata keçirilir. Bunun üçün bu kəndlərin optik kabellərlə təmin edilməsi istiqamətində işlər aparılır.

Şəkinin ən ucqar yaşayış məntəqələri olan Ağdaş rayonu ilə həmsərhəd olan Qara Torpaq, Bollu dərə kəndləri telefonlaşdırılaraq 85 kilometr məsafədə arabağlantısı optik kabel xətti olmaqla mərkəzi stansiyaya birləşdirilib.

Bu barədə "ICTnews.az"-a Şəki Telekommunikasiya Qovşağının rəisi Məhəmməd Əhmədov məlumat verib. Onun sözlərinə görə, əvvəllər kəndlərdə peyk rabitəsi olub. "Bu rabitə günün tələblərinə cavab vermədiyindən Qara Torpaq kəndində 48 nömrə tutumlu mini-EATS istifadəyə verilib. Ən ucqar kəndin sakinlərinin genişzolaqlı internet xidmətinə çıxışının təmin edilməsinə imkanlar var.

Bütün çətinliklərə baxmayaraq 85 kilometr bir məsafədə optik kabel xətti çəkdik ki, bu da onların ən sürətli və keyfiyyətli rabitə xidmətlərinə çıxış imkanlarını artırıb. Bollu dərə kəndi isə Sarıca kənd EATS-dən 24 nömrə çəkilməklə telefonlaşdırılıb"- deyə o bildirdi.

M.Əhmədov  bildirdi ki, hazırda şəhər telefon şəbəkəsi üzrə ümumi nömrə tutumu 15 minə yaxın olmaqla 4 ədəd EATS, kənd şəbəkəsi üzrə isə ümumi tutumu 11 min nömrə olmaqla 33 EATS istismar olunur. Beləliklə, mövcud vəziyyətdə qovşağın ümumi tutumu 26 min nömrəyə çatdırılıb.

Rayonda əhalinin keyfiyyətli və etibarlı telefon rabitəsi xidmətləri göstərilməsi üçün məqsədyönlü işlər görüldüyünü bildirən qovşaq rəisi telefon olan ehtiyacın ödənilməsi məqsədilə ayrı-ayrı stansiyalar üzrə tutumların artırıldığını bildirdi. Qovşaq əhaliyə sürətli və keyfiyyətli internet xidmətləri göstərilməsində mühüm uğurlar qazanıb.

Hazırda rayonda 5 internet provayderi fəaliyyət göstərir ("Aztelekom.net", "Azer One Line", "DATA","Avritel" və "Smart"). İstifadəçilər genişzolaqlı rabitə avadanlıqlarına qoşulmaqla eyni vaxtda həm internet, həm də telefon rabitəsindən istifadə edirlər. Rayonda 22 internet-klub fəaliyyət göstərir.

RƏVAN




18/01/13    Çap et