Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan nümayəndəsi beynəlxalq təşkilata sədr müavini seçilib


Uqandada Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının (İTSO) Tərəflər Assambleyasının 35-ci iclası keçirilib. Sözügedən iclasda müzakirəyə çıxarılan məsələlərdən biri sədr müavinlərinin təyin olunması ilə bağlı olub.

Səsvermə nəticəsində nümayəndəmiz Məzahim Quliyev bu mötəbər beynəlxalq təşkilata Şərqi Avropa və Şimali Asiya regionundan sədr müavini seçilməklə təşkilatın tarixində ilk dəfə olaraq azərbaycanlı alim kimi yüksək vəzifəyə təyin olunub. Bu bir daha dünya ölkələri tərəfindən son illər Azərbaycanın kosmik sənaye quruculuğu sahəsində apardığı işlərə verilən qiymətin göstəricisidir.

İclasın gündəliyində duran məsələlərdən biri də Təşkilatın Məşvərət Komitəsinə Beynəlxalq Telekommunikasiya İttifaqının müəyyən etdiyi regionlar üzrə üzvlərin seçilməsi olub. Səsvermədən sonra Azərbaycan Respublikası Polşa Respublikası ilə birlikdə Şərqi Avropa və Şimali Asiya regionundan Məşvərət Komitəsinə daimi üzv seçilib.

Qeyd edək ki, cari ilin 7-8 mart tarixlərində İTSO-nun rəhbər orqanlarına seçkilərdən sonra təşkilatın ilk iclası keçiriləcək. Azərbaycan nümayəndəsi sədr müavini qismində iclasın işinə qatılacaq. 

CAHANGİR




13/02/13    Çap et