Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Texnoparkla bağlı Yeni Fikir Müsabiqəsi keçirilir


Qafqaz Universiteti Texnoparkı (QUTECHNOPARK) Yeni Fikir Müsabiqəsi təşkil edir. Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə universitetdən məlumat verilib.

Məlumatda bildirilir ki, "QUTECHNOPARK" və ona partnyor şirkətlərlə ortaq həyata keçirilən Yeni Fikir Müsabiqəsi təkcə Qafqaz Universiteti tələbələrinə deyil, eyni zamanda Azərbaycanın bütün universitetlərinin tələbə və məzunlarına aiddir.

Yeni Fikir Müsabiqəsinin keçirilməsində əsas məqsəd Azərbaycanda gənclər arasında sahibkarlığın inkişaf etdirilməsinə nail olmaqla yanaşı, texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə verməkdir. Müsabiqədə iştirak etmək istəyən gənclər öz ideyalarını layihə şəklində hazırlayaraq, 25 mart 2013-cü il tarixinə kimi "www.yenifikir.az" saytına daxil olaraq onlayn qeydiyyatdan keçməlidirlər.

Yeni Fikir Müsabiqəsinin qalibləri "QUTECHNOPARK" tərəfindən istər ofis şəraiti ilə, istərsə də digər amillərlə təmin ediləcək. Bununla belə, müsabiqənin nəticələrinə görə ilk 3 yerə sahib olan layihə müəllifləri Orta Doğu Texnik Universitetinin Texnoparkında bir ay müddətində fəaliyyət göstərmək imkanı qazanacaqlar.

SEYMUR




27/02/13    Çap et