Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yerli bank SMS kredit xidmətini işə salıb


Müştərilərin rahatlığını təmin etmək məqsədi ilə “Bank of Baku” Azərbaycan bank təcrübəsində ilk dəfə SMS kredit məhsulunu təqdim edir. “ICTnews” elektron xəbər xidmətinin adıçəkilən banka istinadən verdiyi məlumata görə, müştəri artıq banka gəlmədən kredit sifarişini birbaşa mobil telefondan verə biləcək.

Sifariş edilmiş kredit məbləği müştərinin “Dostlar Klubu” kartına yüklənir.

Kredit sifariş etmək üçün “Dostlar Klubu” kartının son 8 rəqəmini, boşluq və kredit məbləğini 8145 nömrəsinə SMS ilə göndərmək lazımdır. Misal: “03129876 kredit 1500”.

Mesaj göndəriləndən sonra sifariş avtomatik qərar üsulu ilə qiymətləndirilir və müştərinin ala biləcəyi kredit məbləği müəyyən edilir. Müştəri kartdakı məbləği bir neçə dəqiqə sonra “Bank of Baku”nun istənilən bankomatından nağdlaşdıra bilər.

Kredit sifarişi yalnız müştərinin bankda qeydiyyatda olan mobil telefon nömrəsindən edilə bilər.

İlk mərhələdə SMS kredit xidmətindən bankın “Dostlar Klubu”nun Qızıl və Brilliant kart sahibləri, daha sonra isə klubun bütün 70.000-nə yaxın üzvü istifadə edə biləcək.

Qeyd edək ki, “Bank of Baku” SMS kredit məhsulunun Azərbaycan ərazisində patentini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən alıb.

CAHANGİR




28/02/13    Çap et