Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu gün Aleksandr Bell telefon aparatını patentləyib


"Telefonun atası" adına layiq görülmək Aleksandr Qraham Bellin taleyinə yazılmışdı. O, 1947-ci il martın 3-də Şotlandiyada anadan olub. 1870-ci ildə ailəsi ilə birlikdə Kanadaya gəliblər. Atası "görünən səs" sistemi vasitəsilə kar və lalların problemləri ilə məşğul olaraq onlara təhsil verirdi. Bell də bu sənətə yiyələnmişdi.

O, səsin təbiəti haqqında xeyli məlumatlı idi və onu elektrik vasitəsilə ötürmək arzusı ilə alışıb yanırdı. Elektrik barəsində biliyi az olsa da, bu amil ona kömək edib. Belə ki o dövrdə yaşamış mütəxəssislər səsin xətt vasitəsilə ötürülməyinin qeyri-mümkün olduğunu əmin edirdilər.

Bell isə bu faktdan xəbərsiz idi. Məlumat üçün bildirək ki, Bell Boston Universitetinin professoru idi. Tələbələrinin valideynləri ona maliyyə cəhətdən yardım göstərirdilər. O, ideyalarını həyata keçirmək üçün Tomas Uotsonu işə götürmüşdü. Uotson bacarıqlı köməkçi idi. Ən əsası, rəhbəri Bell kimi o da səsin xətt vasitəsilə ötürülməyinin qeyri-mümkünlüyü barəsində nüfuzlu alimlərin söylədikləri fikirlərdən xəbərsiz idi.

O, 1875-ci ildə eksperimental aparatdan Bellin - "Uotson, buraya gələ bilərsinizmi? Siz mənə lazımsınız" - sözlərini eşitdikdə qətiyyən təəccüblənməmişdi, çünki rəhbərinin işinə inanırdı. 1876-cı ildə ABŞ-da Aleksandr Bell tərəfindən patentləşdirilmiş telefon "danışan teleqraf" adlanırdı. Dəstək növbə ilə həm insan nitqinin ötürülməsi, həm də qəbul edilməsi üçün istifadə olunurdu. Bellin aparatında zəng mövcud deyildi, o, 1878-ci ildə həmkarı Tomas Uatson tərəfindən ixtira edilmişdi. Abunəçinin çağırılması dəstəkdən fit səsi vasitəsilə təmin olunurdu.

Bu xəttin əhatə dairəsi 500 metr məsafəyə bərabər idi. 1876-cı il fevralın 14-də Aleksandr Bell öz ixtirası üçün Vaşinqton Patent Bürosuna ərizə vermişdi. 2 saat sonra Çikaqodan Elişa Qrey patent bürosuna gələrək "Vokal səslərin teleqraf üsulu ilə ötürülməsi və qəbul edilməsi qurğu"su üçün ərizəsini təqdim etmişdi.

1876-cı il martın 7-də Aleksandr Bell telefon ixtirasına görə patent alıb və həmin gündən etibarən tarixə "telefonun atası" kimi düşüb. 1876-cı il iyunun 25-də Aleksandr Bell ilk dəfə telefonunu Filadelfiyada keçirilmiş birinci Beynəlxalq elektrotexnika sərgisində nümayiş etdirib.

Emil Hüseynov




07/03/13    Çap et