Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Zaqatalada rabitə xidmətinin keyfiyyəti yaxşılaşdırılır


Əhaliyə göstərilən rabitə xidmətinin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə Zaqatala rayon Telekommunikasiya Qovşağı tərəfindən zəruri tədbirlər davam etdirilir.

Bu barədə Qovşağın rəisi Məmməd Arazov məlumat verib. Onun sözlərinə görə, rayon ərazisində informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqinin genişləndirilməsi, əhalinin telefon, genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərinə olan tələbatının tam ödənilməsi üçün bu il qovşaq tərəfindən bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Cari ildə rayonun Yuxarı Tala kəndində 1000, Car kəndində isə 500 nömrə tutumlu yeni elektron ATS-lərin (EATS) quraşdırılması planlaşdırılır. İndiyədək bu kəndlərdə rabitə xidməti mərkəzi EATS tərəfindən həyata keçirilirdi. Hazırda hər iki obyektin layihə-smeta sənədləri hazırlanır.

Yaxın vaxtlarda EATS-lərin quraşdırılmasına başlanılacaqdır. Zaqatala şəhərinin Qazangül yaşayış məntəqəsində quraşdırılan 512 nömrə tutumlu EATS-in isə bu ilin birinci yarısında istifadəyə verilməsi planlaşdırılır.

Bu EATS üçün artıq yeni bina tikilmiş, avadanlıq montaj edilmişdir. Xətt şəbəkəsinin qurulması işi davam etdirilir. Hazırda Zaqatala rayonunda telefon abonentlərinin ümumi sayı 20 minə, genişzolaqlı internet istifadəçilərinin sayı isə 4 min 500-ə çatır.

RƏVAN




02/04/13    Çap et