Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti iyulda “Nexus” planşetinin yeni versiyasının satışına başlayacaq


"Google" bu ilin iyulunda "Snapdragon" prosessoru ilə təchiz edilmiş "Nexus 7" planşet kompüterinin yeni versiyasının satışına başlayacaq. Bu barədə şirkətin anonim mənbələrinə istinadən "Röyters" agentliyi məlumat yayıb. Xatırladaq ki, qurğunun ilk versiyası "Tegra 3" prosessoru ilə təchiz edilib.

"ICTnews.az" elektron xəbər xidməti "rbc.ru" saytına istinadən bildirir ki, yeni planşetlərin prosessorları Amerikanın "Qualcomm Inc." şirkəti tərəfindən istehsal edilib. Cihaz yeni prosessordan başqa, yüksək təsvir ölçüsünə malik ekranla təchiz ediləcək, həmçinin daha nazik olacaq.

"Google" şirkəti bu ilin ikinci yarısında "Asustek" şirkəti tərəfindən istehsal edilmiş təxminən 8 milyon planşet tədarük etməyi planlaşdırır. "Google" Amerika korporasiyasıdır və axtarış sistemləri arasında liderdir. Əsası 1998-ci ildə Larri Peyc və Serqey Brin tərəfindən qoyulub.

Hazırda axtarış sorğularının 80%-dən çoxu "Google"-un payına düşür. Şirkətin əsas gəlir mənbəyi onlayn reklamdır. "Google" şirkəti axtarış sistemindən başqa, "YouTube" videohostinqinə, "Gmail" poçt xidmətinə, "Google+" sosial şəbəkəsinə sahibdir. İnternet nəhəngi mobil qurğular üçün "Android" əməliyyat sistemini hazırlayıb. 2012-ci ildə şirkətin xalis mənfəəti 10,74 milyard dollar olub.

Emil Hüseynov




03/04/13    Çap et