Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” “Home” mobil platformasını təqdim edib


“Facebook” sosial şəbəkəsi “Android” platforması ilə işləyən smartfonlara quraşdırılan və dünyanın ən böyük sosial şəbəkəsinin bir çox funksiyalarına ani giriş imkanı yaradan “Home” proqram örtüyünü təqdim edib.

Son zamanlar bir çox investor və analitiklər “Facebook”u mobil sahədə kifayət qədər fəal olmadığına görə tez-tez tənqid edirdilər və Mark Zukerberq bu problemi tezliklə aradan qaldıracağına söz vermişdi.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Facebook” Menlo-Parkda (Kaliforniya, ABŞ) yerləşən qərargahında Tayvanın “HTC” şirkəti ilə birlikdə keçirdiyi xüsusi tədbirdə “Home” proqram örtüyünü nümayiş etdirib. “HTC” şirkətinin təqdim etdiyi yeni “First” smartfonunda “Home” proqram örtüyü tətbiq edilib.

Zukerberq söz verib ki, “Home” proqram örtüyünün planşet versiyası bu il ərzində işıq üzü görəcək. “Android” platforması ilə işləyən smartfonlara quraşdırılan “Home” örtüyü aparatın işçi masası və bir sıra funksiyalarını dəyişdirir. Burada sosial şəbəkənin şərh, xəbər lenti, istifadəçi səhifəsi və digər məzmun növlərinə ani giriş imkanı olacaq.

Emil Hüseynov




05/04/13    Çap et