Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bakcell” məhkəmədə “Azercell”i uddu


İyulun 26-da 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində “Bakcell” şirkətinin “Azercell”ə qarşı qaldırdığı məhkəmə iddiasına baxılıb. Məhkəmə “Bakcell”in iddiasını təmin edib. Məhkəmə arabağlantı tarifinin 2009-cu ilin aprelindən etibarən 1 dəqiqəsi 2 qəpikdən hesablanmasını və “Azercell” tərəfindən iddiaçıya yaranmış borcların ödənilməsi barədə qərar qəbul edib. Qeyd edək ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən (RİTN) 2009-cu il aprel ayında qəbul edilmiş qərara əsasən, mobil operatorlar bir-birinə şəbəkəxarici zənglərin hər dəqiqəsinə görə müəyyən tariflə haqq ödəyir və həmin tarif “arabağlantı tarifi” adlanır.
RİTN tərəfindən GSM operatorları üçün arabağlantı tarifi 0,02 AZN səviyyəsində müəyyən edilib. “Bakcell” Ltd. MMC “Azercell Telekom”a arabağlantı tarifinin tələb olunan səviyyəyə qədər azaldılması təklifi ilə müraciət etsə də, “Azercell” MMC 1 dəq. = 0,05 AZN tarifini tətbiq edib. Beləliklə, arabağlantı tarifinin və pərakəndə qiymətlərin azaldılmasına nail olmaq üçün “Bakcell” bütün mobil telefon istifadəçiləri adından hüquqi prosedurlara müraciət etməyə məcbur olub.
“Bakcell”in Baş icraçı direktoru cənab Riçard Şirerin sözlərinə görə, biz mobil rabitənin həqiqətən rəqabətli sənaye sahəsi kimi inkişaf etməsində daha bir təhlükə ilə üzləşə bilərik: “Əvvəl, “Azercell” nazirliyin tələblərinə məhəl qoymayaraq, rəqabəti məhdudlaşdırmaq üçün digər operatorlarla arabağlantı tarifini yüksək həddə saxlayır, indi də operatorlar “mobil nömrələrin daşınması”nın həyata keçirilməsi üçün nəzərdə tutulmuş müddətə əməl etməkdən imtina etsələr, bu, müştərilərin seçim imkanlarını daha da məhdudlaşdıracaq. “Bakcell” şirkəti “mobil nömrələrin daşınması” zərurətini anlayır və onun mümkün qədər qısa müddətdə bazarda tətbiq edilməsini görmək istərdi. Biz digər operatorları RİTN-lə razılaşaraq, “mobil nömrələrin daşınması”nı yaxın zamanda tətbiq etməyə çağırırıq”.




03/08/11    Çap et