Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

RİTN-də rabitəçi veteranlarla görüş keçirilib


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Böyük Vətən müharibəsinin rabitəçi veteranları ilə görüş keçirilib.

Toplantını giriş sözü ilə açan nazir müavini İltimas Məmmədov müharibə veteranlarını faşizm üzərində qələbənin 68 illiyi münasibətilə təbrik edərək, Böyük Vətən müharibəsində azərbaycanlıların xüsusi rəşadət göstərdiyini vurğulayıb. İ.Məmmədov faşizm üzərində qələbənin əldə edilməsində rabitəçilərin böyük əməyi olduğunu qeyd edərək, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən həm ön, həm arxa cəbhədə rəşadət və fədakarlıq göstərən rabitəçilərə bundan sonra da xüsusi qayğı ilə yanaşılacağını vurğulayıb.

"Azərbaycanın torpaqlarının 20 faizi işğal altındadır. Çox təəssüflə qeyd etmək istəyirəm ki, bugünkü tədbirimiz çox acı bir tarixə - Şuşanın işğalı gününə təsadüf edir. Ancaq biz əminik ki, torpaqlarımız yaxın vaxtlarda düşmən tapdağından azad ediləcək. Onda biz həmin günü böyük qələbə sevinci ilə qeyd edəcəyik. Hər birimiz o günü səbirsizliklə gözləyirik. O gün uzaqda deyil"- deyə nazir müavini bildirib.

İ.Məmmədov eyni zamanda Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə veteranların sosial-iqtisadi şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan işlərdən də danışıb. Rabitəçi-veteranlar isə onlara göstərilən daimi qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirib, RİTN-in bu sahədə keçirdiyi tədbirlərdən məmnun olduqlarını söyləyiblər.

RƏVAN




08/05/13    Çap et