Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

TQDK sınaq imtahanında müxtəlif imtahan fənləri üzrə konspekt yerləşdirilmiş xüsusi elektron qurğu aşkarlayıb


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən respublikanın, demək olar ki, bütün şəhər və rayonlarında, həmçinin Naxçıvan Muxtar Respublikasında sınaq imtahanları keçirilir. Amma sınaq imtahanlarında təəssüfləndirici məqamlara da rast gəlinir.

Belə ki, bəzi abituriyentlər bu imtahanlara köməkçi vasitələr (konspekt, kalkulyator, mobil telefon və s.) keçirməyə çalışır və onlardan istifadə etməklə imtahan nəticələrini süni şəkildə artırmağa cəhd göstərirlər. Mayın 12-də keçirilən növbəti sınaq imtahanında isə abituriyentlərdən birində müxtəlif imtahan fənləri üzrə konspekt yerləşdirilmiş xüsusi elektron qurğu aşkar edilib.

Komissiyadan qeyd edilib ki, sınaq imtahanlarının nəticələri ali məktəblərə qəbul olmaq üçün hər hansı rola malik deyil: “Bu sınaqlar yalnız abituriyentlərə özlərini real imtahan şəraitində hiss etmək, qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşmaq, ayrılmış vaxtdan səmərəli istifadə etmək kimi bacarıqlarının inkişaf etdirilməsi məqsədilə keçirilir. Odur ki, abituriyentlərə öz imtahan nəticələrini bu kimi üsullarla süni surətdə artırmaqla özlərini və yaxınlarını aldatmamağı tövsiyə edirik. Bundan başqa, qəbul imtahanlarında belə halların aşkarlanması həmin abituriyentin imtahan nəticəsinin ləğvi və onun barəsində daha ciddi inzibati tədbirlərin görülməsi ilə nəticələnəcək. İmtahan binasına köməkçi vasitələri gətirmək və onlardan istifadə etmək qəti qadağandır”.

HƏQİQƏT




14/05/13    Çap et