Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məşhur intellektual oyunun idman Məcəlləsinin Azərbaycan versiyası hazırlanıb


"Atəşgah" İntellektual Oyunlar Klubu tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Nə? Harada? Nə zaman?" oyununun idman Məcəlləsinin Azərbaycan versiyası hazırlanır.

"Nə? Harada? Nə zaman?" oyunu ilə məşğul olan peşəkarlar üçün nəzərdə tutulan bu qaydalar toplusunun təcrübəli tərcüməçi və hüquqşünaslar tərəfindən Azərbaycan dilinə tərcümə olunmasına başlanılıb.

Layihəyə görə Məcəllə tərcümə olunduqdan sonra kitabça formasında nəşr olunacaqdır. Nəfis tərtibatla çap olunması nəzərdə tutulmuş "Nə? Harada? Nə zaman?" Məcəlləsinin intellektual oyunlar klublarında və maraqlı şəxslər arasında əvəzsiz olaraq paylanılması təşkil olunacaqdır.

"Atəşgah" İntellektual Oyunlar Klubundan verilən məlumata görə, "Nə? Harada? Nə zaman?" Məcəlləsinin Azərbaycan versiyasının nəşri yaxın zaman ərzində baş tutacaq və keçiriləcək təqdimat mərasimində geniş ictimaiyyətə təqdim olunacaqdır. "Nə? Harada? Nə zaman?" oyununun qaydaları hal-hazırda intellektual oyunlar hərəkatının əlaqələndirilməsində mühüm rolu olan nüfüzlü beynəlxalq təşkilat - "Nə? Harada? Nə zaman?" Klublarının Beynəlxalq Assosiasiyası tərəfindən ilk dəfə 2003-cü ildə dərc edilib və 2008-ci ildə bu qaydalar «Nə? Harada? Nə zaman?» Məcəlləsi adı altında yenilənib.

Məcəllə "Nə? Harada? Nə zaman?" oyununun idman variantının əsas qaydalarını özündə birləşdirir, oyunun gedişində yaranan əksər vəziyyətləri və oyunun təşkilinin bütün detallarını nəzərdə tutur.




15/05/13    Çap et