Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2012-ci ildə Ukraynanın İT bazarında artım sürəti zəifləyib


"PMR" tədqiqat şirkətinin məlumatına əsasən, 2012-ci ildə Ukraynanın İT bazarının həcmi 2,9% artaraq 14,6 milyard qrivna olub. "ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, həm də ötən ildə bazarın həcmi qeyri-müntəzəm artıb. İlin birinci yarısında artım sürəti yaxşı olub.

Bununla belə, ilin ikinci yarısında vəziyyət pisləşib. Şirkətlər yeni layihələrə investisiya yatırımlarını iki səbəbdən təxirə salıblar: makroiqtisadi qeyri-sabitlik və milli məzənnənin devalvasiyası. Beləliklə, İT bazarın artım dinamikası ölkənin ümumi iqtisadi situasiyasını əks etdirib.

Qeyd edək ki, Ukraynanın İT bazarının həcmi 2009-cu ildə yaşanmış böhrandan sonra 2010 və 2011-ci illərdə müvafiq olaraq 30,7% və 24,9% artıb. Dövlət sektoru və dövlət şirkətlərinə yardımların artması vəziyyətin bərpasına kömək edib.

Ukrayna istehlakçıları və şirkətlərinin xərcləri əsasən aparat təminatına sərf olunur və bu, bütövlükdə inkişaf etməkdə olan bazarlara məxsusdur. Ölkə ərazisində fərdi kompüterlərin nüfuzetmə səviyyəsi 20% təşkil edir. Bu göstərici onu göstərir ki, Ukraynada kompüterlərə tələbat yaxın vaxtlarda sabit olaraq qalacaq.

Bundan başqa, analitiklər deyiblər ki, Ukraynada ötən 2 il ərzində İT autsorsinq xidmətlərinə tələbatın artması müşahidə olunur. Ekspertlər sonda bildiriblər ki, yaxın 3-5 ildə Ukraynanın İT bazarının artım sürəti dövlətdəki makroiqtisadi və siyasi vəziyyətdən asılı olacaq.

Emil Hüseynov




29/05/13    Çap et