Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“EcoVision” jurnalı “İnformasiya-kommunikasiya texnologiyaları ili”nə həsr olunub


Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) milli biznesin inkişafına dəstək vermək, iş adamlarını ən zəruri informasiya ilə təmin etmək məqsədilə təsis etdiyi “EcoVision” jurnalının 15-ci sayı işıq üzü görüb. Azərbaycanda 2013-cü il “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunub.

Bu, şübhəsiz, ölkədə sözügedən sektorun sıçrayışla inkişafına və müvəffəqiyyətlər qazanmasına rəvac verəcək. “EcoVision” jurnalının əsas mövzusu da məhz bu sahəyə həsr edilib. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla müsahibədə ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsindəki işlər, planlar və perspektivlər barədə ətraflı söhbət açılıb. Nazirin sözlərinə görə, ölkənin milli inkişaf konsepsiyasında İKT-nin prioritet rolu təsdiq olunub və sektorun inkişafı Milli Strategiya və dövlət proqramlarına uyğun həyata keçirilir.

Ölkənin iqtisadi gücünün artması İKT sektorunda həyata keçirilən layihələrin maliyyələşməsinə dövlət investisiyalarının həcmini çoxaldır. Türkiyənin Bilgi Teknolojileri ve İletişim kurumu başkanı Tayfun Acarerin “EcoVision” jurnalına verdiyi müsahibəsində qeyd edilir ki, son on ildə qardaş ölkədə İKT sektorunda çox böyük irəliləmə müşahidə olunur. Tayfun Acarerin bildirdiyinə görə, Türkiyə böyük məmnuniyyətlə İKT sahəsində təcrübəsini bölüşə bilər. Əsas mövzu üzrə digər yazıda ATİB-in əməkdaşlıq etdiyi Azərbaycan Marketinq Cəmiyyəti ölkənin İKT sektoru üzrə maraqlı göstəricilər və məlumatları (sektor üzrə məcmu gəlirlər, qoyulmuş investisiya və s.) diqqətə çatdırır.

ATİB-in hazırladığı məqalədə isə informasiya iqtisadiyyatının ölçülməsi, beynəlxalq müqayisələr üzrə təhlil verilib. “EcoVision” jurnalının bu sayında, həmişə olduğu kimi, ölkədə, regionda, dünyada baş verən hadisələr, həmçinin ATİB-in fəaliyyəti barədə xəbərlər verilir. Jurnalda həmçinin, ATİB-ə daxil olan biznes təklifləri və önümüzdəki dövrdə ölkəmizdə və regionda planlaşdırılan tədbirlər barədə məlumat da diqqətə çatdırılır. Azərbaycanda nəşr edilən maraqlı kitablardan bəziləri barəsində qısa resenziyalar təqdim olunub. Azərbaycanın son 10 ildə keçdiyi iqtisadi yolun göstəriciləri yığcam şəkildə oxucuların diqqətinə çatdırılır.

Rüblük buraxılan jurnalın tirajı 3000 nüsxədir. Jurnal dövlət təşkilatları, hökumət orqanları, QHT-lər, şirkətlər, ali təhsil müəssisələri, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəlikləri və özəl şirkətlərə pulsuz paylanır.

HƏQİQƏT




03/06/13    Çap et