Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil trafikin həcmi sürətlə artacaq


İsveçin telekommunikasiya avadanlığı istehsalçısı "Ericsson" şirkəti "Mobility Report" hesabatının yeni versiyasında mobil rabitə bazarı üzrə proqnozunu təqdim edib. "ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, hesabata əsasən, 2018-ci ilədək smartfon istifadəçilərinin sayı 4 dəfə artacaq ki, bu da mobil şəbəkələrdə internet trafikinin artması və operatorlar tərəfindən avadanlıq seqmentinə investisiyaların yatırılması ilə nəticələnəcək.

Ekspertlərin qiymətləndirməsinə əsasən, 5 il sonra smartfonların sayı 4,5 milyarda çatacaq. Hazırda onların sayı 1.3 milyarda bərabərdir. Yaxın illərdə mobil trafikin həcmi sürətli templə artacaq. Videoməzmun buna səbəb kimi göstərilir: istifadəçilər smartfon və planşetlərdə videoməzmuna baxmağa üstünlük verirlər. "Ericsson"un proqnozuna əsasən, sözügedən trafikin həcmi orta illik 60% sürətlə artacaq. Bəzi operatorların abunəçiləri aylıq orta hesabla təxminən 2,6 QB həcmində videoməzmun yükləyirlər.

Mobil internet istifadəçilərinin fəallığı operatorları şəbəkə infrastrukturunun inkişafına daha çox vəsait yatırmağa və yüksəksürətli "LTE" şəbəkələri qurmağa məcbur edir. İsveç şirkətinin analitiklərinin proqnozlarına görə, 2018-ci ilədək planetin əhalisinin 60%-i "4G" texnologiyasından istifadə edəcək.

Emil Hüseynov




04/06/13    Çap et