Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” iki yeni planşet təqdim edib


“Samsung şirkəti” “Galaxy Tab 3” seriyasından iki yeni planşet təqdim edib. “Samsung Tomorrow” bloqunda dərc edilmiş yazıya əsasən, qurğulardan biri 8 düymlü, digəri 10,1 düymlü ekranla təchiz edilib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, hər iki qurğu 1,6 QHs takt tezlikli ikinüvəli prosessorla təchiz edilib və “Android 4.2” platforması ilə işləyir. Planşetlər “LTE” şəbəkələri daxil olmaqla “Wi-Fi” və mobil şəbəkələrə qoşula bilir. Həm 8 düymlük, həm də 10,1 düymlük modeldə ekranın təsvir ölçüsü 1280x800 nöqtə təşkil edir.

Qurğuların daxili yaddaş həcmi 32-64 QB olacaq və “microSD” konnektoru nəzərdə tutulub. Planşetlərin kamera və əməli yaddaşlarının həcmi fərqlidir: 8 düymlük aparatda 5 meqapiksel, 10.1 düymlü aparatda isə 3 meqapiksellik kamera mövcuddur.

Hər iki planşet iyunun əvvəlində satışa çıxarılacaq. Qiymətləri haqqında məlumat hələ ki yoxdur. Cənubi Koreya şirkəti “Galaxy Tab” planşet xəttinin əsasını 2010-cu ildə qoyub. Şirkət “Galaxy Tab” qurğuları ilə eyni anda “Note” planşetlərini də istehsal edir.

Onların tədarük dəstinə stilus da daxildir. “IDC” analitik şirkətinin məlumatına görə, “Samsung” ikinci ən böyük planşet istehsalçısıdır. 39,6% bazar payına malik “Apple” birnci yerdə qərarlaşıb.

Emil Hüseynov




04/06/13    Çap et